"Mediasiya prosesi vacib anti-korrupsiya alətidir"

SOSİAL 28 mar 2019, 13:44

Mediasiya haqqında qanun layihəsinə korrupsiyaya qarşı mübarizə prizmasından baxılmalıdır.  Xəbər verildiyi kimi, hazırda “Mediasiya haqqında” qanun layihəsi Milli Məclisdə baxılmaqdadır. 


“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, “Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin həmtəsisçisi Ramil İskəndərli qanun layihəsi ilə əlaqədar öz münasibətini bildirərək, qeyd etmişdir ki, “Mediasiya haqqında” qanun layihəsinə korrupsiyaya qarşı mübarizə prizmasından baxılmalıdır.  


Bu cür qanunun qəbulu nəticədə digər birbaşa müsbət təsirlərindən başqa, dolayısı ilə korrupsiyanın aradan qaldırılması istiqamətində vacib alətlərdən biri ola bilər. Belə ki, mediasiya prosesində mübahisə edən tərəflər qalib gəlmək üçün yox, hər iki tərəf arasında müstəqil mediatorun köməkliyi ilə kompromisə gəlmək üçün çalışacaqlar. Bu faktor isə proses zamanı hər hansı korrupsiya sövdələşməsi riskini minimuma enidirir. 


Hüquqi anlayış olaraq, Mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.


Qanun layihəsinin tətbiqi dairəsinə mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn, eləcə də cinayət işlərindən və inzibati xətalar haqqında işlərdən irəli gələn mübahisələr daxildir.
Bəs mediasiyanın mübahisələrin həllinin ənənəvi üsullarından fərqi və üstünlüyü nədədir? Ramil İskəndərlinin fikirnə əsasən , bu halda bir neçə kriteriya üzrə bu fəqrliliyi qeyd etmək olar:


- Əlçatanlılıq. 


Belə ki, istənilən mübahisənin həlli zamanı, mediator təkcə qanunun müddəalarına yox, eyni zamanda tərəflərin maraqları, mənəvi normalar, əxlaq və şəxsi həyat təcrübəsinə əsaslanaraq qərarı verir. Eyni zamanda prosessual qaydaların çox olmaması tərəflərə psixoloji cəhətdən komfortlu şərait yaradır ki, bu da qarşılıqlı etibar və əməkdaşlıq atmosferi yaradır. 


- Operativlik. 


Mübahisələrin məhkəmə yolu ilə həllindən fərqli olaraq mediasiya sənəd dövriyyəsi və qəliz prosessual normalar səbəbindən üzün sürən müddətdə deyil, tez bir zamanda həyata keçiriləcəkdir. Qanun layihəsinə əsasən, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. 


Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə prosesin müddəti daha 30 gün müddətinə uzadıla bilər. Mediasiya zamanı mübahisənin həlli üçün mediatora müraciət edən tərəflər adətən işin operativ və qarşılıqlı faydalı həllində maraqlı olurlar və işin tezliklə bitməsi üçün əllərindən gələni əsirgəmirlər. 


- Məhsuldarlıq. 


Mediasiya nəticə etibarilə öz məhsuldarlığı ilə seçilir. Belə ki, mediasiya zamanı mediator hər hansı tərəflərdən birinin mütləq qələbəsinə yox, əsas etibarilə hər iki tərəfin son qərardan razı qalması üçün çalışır. 

Burada əsas məsələ mübahisələrin konstruktiv qaydada konsensus əsasında həllinə çalışılmasıdır. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır. Kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir.


- İqtisadi sərfəlilik. 


Mediatorun xidmətləri həm pullu, həm də pulsuz ola bilər. Amma istənilən halda dünya praktikasında bir qayda olaraq, məhkəmə qaydasında mübahisələrin həlli mediasiya qaydasında mübahisələrin həllindən daha çox baha başa gəlir. Burada tərəflər təkcə pula yox, eyni zamanda dəyərli vaxtlarına da qənaət edirlər. 


- Effektivlik. 


Çevikliyi ilə seçilən mediasiya prosesində alternativ üsullardan istifadə etməklə, tərəflər mübahisələrin optimal həllində nail olurlar. Dünya təcrübəsinə ümumi olaraq belə qəbul edilir ki, barışıq zamanı əldə edilmiş razılaşma, məhkəmə qərarlarının icrasından daha effektiv həyata keçirilir. 


Layihəyə görə, mediasiya sahəsində tənzimlənmənin və nəzarətin həyata keçirilməsi məqsədilə mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının üzv olaraq daxil olduğu Mediasiya Şurası yaradılır. 


Ramil İskəndərli həmçinin onu da qeyd etmişdir ki, bir məsələni dəqiq yəqin etmək lazımdır ki, mediasiya məhkəmə ilə rəqabət aparmaq üçün yox, ona kömək etmək üçün yaradılmalıdır. Çunki mediasiya vasitəsilə məhkəmələrin iş yükü azalacaq və məhkəmə icraatında olan işlərin həllinin daha da tezləşməsinə nail olunacaqdır. Mediatorla görüşmüş şəxs son nəticədə öz könüllü qərar verəcək ki, mediatorun, yoxsa məhkəmənin xidmətlərindən istifadə etsin.


Mediasiya institutunun tətbiqi perspektivi ilə bağlı təşkilat sədri onu qeyd etmişdir ki, mediasiya institutu tam olaraq azərbaycan mentalitetinə uyğun təsisatdır. Azərbaycanda tarixən el ağsaqqallarının zəngin həyat təcrübəsinə əsaslanaraq və ədalətlilik prinsipi ilə əmək, ailə, iqtisadi və digər münasibətlərdə yaranmış mübahisələrin barışıq yolu ilə həlli üçün mühüm rolu olmuşdur və qalmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top