“Vüqar Səfərli mənimlə düşmənçilik edir” — Seymur Verdizadə

MÜSAHİBƏ 27 mar 2019, 11:28

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin “Yeni Sabah”a müsahibəsi: 


- Son vaxtlar efirdə tez-tez görünürsünüz. “Ulduz xəstəliyi”nə tutulmaqdan qorxmursunuz ki?


- Mən çox gənc yaşlarımda şöhrətə qovuşmuşam. 1997-ci ildə Türkiyədə tələbə olarkən yay tətilində “Bu gün” qəzetinin təsisçisi və baş redaktoru Nəsib İsmayılovla tanış oldum. Nəsib müəllim mənə “Bu gün”ün Türkiyə təmsilçisi olmağı təklif etdi. 1998-ci ilin martına kimi Ankaradan bu qəzet üçün maraqlı xəbərlər, reportajlar yazdım. Mart ayında təhsilimi başa vurub Bakıya qayıdanda, Nəsib İsmayılov mənə xəbərlər üzrə redaktor vəzifəsini təklif etdi. “Bu gün” qəzetində redaktor işləməklə yanaşı, həm də köşə yazıları ilə çıxış etməyə başladım. O vaxt “Bu gün” 28 min nüsxə ilə çap olunurdu. Köşə yazılarım şəklimlə birlikdə dərc edildiyi üçün qısa müddət ərzində ictimai-siyasi mühitdə tanındım, tədricən öz oxucu auditoriyam formalaşmağa başladı. Cəmi dörd ay sonra hərbi xidmətə yola düşəndə, ölkədə az-çox tanınırdım. Əsgər həyatına başladığım ilk gün məlum oldu ki, komandir heyətində təmsil olunan zabitlərin əksəriyyəti mənim oxucularımdır.


- Amma etiraf edək ki, sizin tanınmağınızda daha çox TV-dəki fəaliyyətinizin, xüsusilə Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişinin böyük rolu olub...


- Mən bunu inkar etmirəm. TV qəzet və saytla müqayisə edilməyəcək qədər nəhəng təbliğat tribunasıdır. “Səni axtarıram” Azərbaycan teleməkanının ən uğurlu sosial layihələrindən biridir, mən dörd il bu verilişin eksperti olmuşam. Prinsipial və ardıcıl mövqeyimə görə tamaşaçılar həmişə mənə hörmət ediblər. Amma etiraf edim ki, TV-dəki fəaliyyətimə görə tanınmağım heç vaxt məni fərəhləndirməyib. Mənim köşə yazılarımda televiziya çıxışlarımda səslənən fikirlərdən on dəfə dəyərli fikirlər var. Həmişə istəmişəm ki, məni yazdığım məqalələrə görə tanısınlar. Qarşılaşdığım adamlar hansısa yazımdan sitat gətirəndə, xoşbəxt oluram. Bu cür hallar son vaxtlar tez-tez baş verir.


“Məni müğənni Rəqsanə əvəz etdi”


- Sizi həmin verilişlərə yaraşdırmayan, şou əhli ilə qol-boyun olmağınızı istəməyənlər də var. Şəxsən mən də şahidi olmuşam ki, sosial problemlərin müzakirə olunduğu verilişlərə qatıldığınız üçün sizi qınayanlar olub...


- Həmin verilişlərə qatıldığım üçün indiyə kimi mənə bir manat da qonorar ödənilməyib. Təəssüf ki, Azərbaycan teleməkanında belə bir ənənə yoxdur. Əksinə, tez-tez efirə çıxdığımız üçün biz əyin-başımıza diqqət edir, geyimimizi vaxtaşırı yeniləməli oluruq. Telekanallara ayaq döyməkdən indiyə kimi 10 ayaqqabı yırtmışam. Bu barədə bir dəfə də danışmışam. Üç-dörd il əvvəl verilişlərin birinə qatılmaqdan imtina etdim. Ertəsi gün baxdım ki, studiyada məni müğənni Rəqsanə əvəz edir. Əgər bilsəm ki, mənim qatılmadığım verilişə görkəmli bir akademik, ləyaqətli bir ziyalı dəvət olunacaq, inanın, studiyanın kandarına da ayaq basmaram. Efirin 24 saat Rəqsanənin, Nadir Qafarzadənin, Xatirə İslamın ümidinə qalmaması üçün telekanallardan gələn bütün dəvətləri qəbul edirəm. Azərbaycan cəmiyyətinin Rəqsanədən, Nadirdən, Xatirədən çox, mənim kimi prinsipial jurnalistlərin fikirlərinə ehtiyacı var.


- Prinsipiallıq heç vaxt problemsiz ötüşmür. Tənqidi fikirlərinizə görə bir il əvvəl Daşkəsənin icra başçısı Əhəd Abıyevlə aranızda qalmaqal baş vermişdi. Hətta Əhəd Abıyevin müavini evinizə zəng edib, ailə üzvlərinizi hədələmişdi...


- Mən, ailə üzvlərimlə birlikdə o sınaqdan alnıaçıq çıxdım. Heç kim məni təhdid edə bilməz. Təhdid edən beş qat artıq cavabını alar. Amma o düzdür ki, prinsipial mövqeyim həmişə mənə problem yaradıb. Bu problemlərin çoxunu özüm həll edə bilirəm. Amma elə problemlər də var ki, onların həlli mənim imkanlarım xaricindədir, müvafiq dövlət qurumlarının, həmin qurumlara rəhbərlik edən şəxslərin müdaxiləsi lazımdır.


“Harda görünüb ki, 60 yaşında adamı təcrübə öyrənməyə aparsınlar?”


- Söhbət hansı problemlərdən gedir? Bəlkə bir qədər açıq danışaq...


- Mən həmişə açıq danışmışam. Buna görə də oxucuları intizarda qoymaq fikrim yoxdur. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 5 ildir mənimlə düşmənçilik edir. O, rəhbərlik etdiyi Fondun qapı-pəncərəsini mənim üzümə bağlayıb, dövlətin jurnalistlər üçün yaratdığı imkanlardan faydalanmağıma imkan vermir.


- Səbəb nədir? Vüqar Səfərli niyə sizinlə düşmənçilik edir?


- 2014-cü il fevral ayının 10-da Azərbaycan Mətbuat Şurası Türkiyənin ölkəmizdəki səfirliyilə birgə tədbir keçirirdi. Tədbirdə iki ölkə jurnalistləri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunurdu. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz bildirdi ki, azərbaycanlı jurnalistlərdən ibarət heyət təcrübə keçmək üçün tezliklə Türkiyəyə yola düşəcək. Sonra mən çıxış etdim. Bir sıra vacib məsələlərə toxunandan sonra Hamit bəydən xahiş etdim ki, Türkiyəyə yola düşəcək heyəti müəyyənləşdirəndə KİVDF-nin təcrübəsindən istifadə etməsinlər. Bu vaxt KİVDF-nin icraçı direktoru Vüqar Səfərli mənim sözümü kəsdi. Dedi ki, biz nəyi düzgün etmirik? Dedim ki, siz Türkiyəyə, Şimali Kipr Türk Cümhuriyyətinə  apardığınız heyəti şəxsi münasibətlərə görə müəyyənləşdirirsiniz. Sizin heyətdə həmişə eyni adamlar təmsil olunur. Azərbaycanda beş-altı baş redaktordan başqa jurnalist yoxdur?  Şimali Kipr Lənkəran boyda yerdir. Azərbaycanlı jurnalistlər orda nə öyrənə bilər? Millət vəkili, yazıçı-publisist Aqil Abbas da həmin tədbirdə iştirak edirdi. Dedim ki, Vüqar müəllim, Aqil Abbasın 60 yaşı var. Bu gün Aqil Abbasın öyrənən deyil, öyrədən vaxtıdır. Qoy, Şimali Kiprdən olan jurnalistlər gəlib Aqil Abbasdan öyrənsinlər. Harda görünüb ki, 60 yaşında adamı təcrübə öyrənməyə aparsınlar? Sağ olsun, Aqil Abbas ayağa qalxıb dedi ki, Seymur düz deyir. Yalnız gəncləri təcrübə keçməyə göndərmək lazımdır. Təvazökarlıqdan uzaq olsa da demək istəyirəm ki, mənim hər sözüm, hər çıxışım böyük rezonans doğurur. Həmin gün 10-a yaxın sayt mənim çıxışımla bağlı xəbər hazırladı. Saytların əksəriyyətində başlıq eyni idi: “Tanınmış jurnalist KİV Fondunu tənqid etdi”. Elə o gündən də tanınmış jurnalistin kitabı bağlandı.


“Mənim biq məqaləmin oxucusu “Mövqe” qəzetinin illik abunəçilərinin sayından iki dəfə çoxdur”


- Tədbirdən sonra Vüqar Səfərli ilə danışdınızmı? Sizə nə dedi?


- Mənə heç nə demədi, amma lazım olduğundan da çox pislik elədi. KİV Fondu ildə 3 dəfə - Növruz bayramında, Milli Mətbuat Günü və Yeni il ərəfəsində jurnalistlər üçün bayram tədbiri keçirir. Vüqar Səfərli məni heç vaxt həmin tədbirlərə dəvət etmir. Mən, bəzən bir gündə 6 saat efirdə oluram. Bir yazımı 10-15 sayt yayır. Elə olur ki, bir ayda 6-7 rayonda jurnalistika ilə bağlı keçirilən tədbirlərdə çıxış edirəm. Amma Vüqar müəllim bunları gözardı edir. Bir gündə 6 saat efirdə olan, köşələri saytları “bəzəyən” jurnalistin dəvət olunmadığı tədbirlərdə mətbuata dəxli olmayan adamlar boy göstərirlər. Mən, bir dəfə KİVDF-nin jurnalistlər arasında keçirdiyi müsabiqəyə qatılıb, birinci yeri tutmuşam. O vaxt qaliblərə 1000 manat mükafat verilirdi. Mənim kimi kasıb jurnalist üçün 1000 manat böyük məbləğdir, bu pulla bir çox problemimi həll edə bilərəm. Amma həmin çıxışdan sonra Vüqar Səfərli mənim qarşımda “qırmızı işıq” yandırdı. 2014-2017-ci illərdə 9 dəfə KİVDF-nin jurnalistlər arasında keçirdiyi müsabiqəyə qatılmışam. Təəssüf ki, Səfərli yoldaş bir dəfə də qalib olmağıma imkan verməyib. Bir dəfə mən yazdığım istiqamət üzrə 11 məqalə təqdim olunmuşdu. Nəticələr açıqlananda məlum oldu ki, 11-ci yeri tutmuşam. Maraq xatirinə növbəti müsabiqəyə də yazı verdim. Nəticələr elan olunanda, mən rayonda idim. Bir dostum zəng edib zarafatla dedi ki, irəliləyiş var, bu dəfə 9-cu yeri tutmusan. KİV Fondunun saytına girəndə məlum oldu ki, həmin istiqamət üzrə 9 yazı təqdim olunub və mən yenə ən axırıncı olmuşam. Növbəti dəfə öz adımdan deyil, tanış redaksiyaların birində təcrübə keçən tələbə qızın imzası ilə müsabiqəyə yazı verdim. Cəmi bir saat ərzində dizimin üstündə qaraladığım həmin məqalə qalib oldu. Bundan sonra bir də KİVDF-nin keçirdiyi müsabiqələrə məqalə təqdim etmədim. Vüqar Səfərlinin sahibi olduğu “Mövqe” qəzetinin əməkdaşları KİVDF-nin keçirdiyi müxtəlif müsabiqələrdə üst-üstə 37 dəfə qalib olublar. Amma mənim təkcə Telman İsmayılovdan yazdığım məqalənin oxucusu “Mövqe” qəzetinin illik abunəçilərinin sayından iki dəfə çoxdur. Axırıncı dəfə orta məktəbdə inşa yazarkən əlinə qələm alan adamlar KİVDF-nin xətti ilə 8 dəfə xarici ölkələrdə səfərdə olublar. Mən heç bir səfərdə iştirak etmək niyyətində deyiləm. Bəs, mətbuatın yükünü çiyinlərində daşıyan Xalid Kazımlı, Əfqan Qafarlı, Zülfüqar Hüseynzadə, Zaur Əhməd, Elnur Məhərrəmli, Anar Niftəliyev, Aqil Camal, Gülşən Hacıyeva, Elnur Məmmədli, Pərvin Abbasov, Günel Əbilova kimi zəhmətkeş redaktorlar niyə bu səfərlərdən kənarda qalırlar? Bu ədalətsizliyə, nəhayət, son qoyulmalıdır. Onu da deyim ki, bu, Vüqar Səfərli tərəfindən mənə qarşı edilən haqsızlığın hamısı deyil.


“Vüqar Səfərli mənim ev almağıma qəti şəkildə etiraz edib”


- Maraqlıdır...


- Maraqlıdırsa, davam edim...


- Davam edin...

 

- Bildiyiniz kimi, jurnalistlər üçün inşa olunan ikinci bina 2017-ci ildə istifadəyə verildi. Ev almaq üçün mən də müraciət etmişdim. Əldə etdiyim dəqiq məlumata görə, bu məsələ Prezident Administrasiyasında müzakirə olunanda, Vüqar Səfərli mənim ev almağıma qəti şəkildə etiraz edib. Bunu həmin müzakirədə iştirak edən adamlardan biri mənə dedi. Onun sözlərinə şübhə ilə yanaşdığımı görəndə isə qayıtdı ki, mənə inanmırsansa, Quran gətir, əlimi üstünə qoyub and içim. Bir vacib məqamı da qeyd etmək istəyirəm. Azərbaycan Mətbuat Şurası indiyə kimi iki dəfə KİVDF Müşahidə Şurası üzvlüyünə mənim namizədliyimi irəli sürüb. Amma heç birində namizədliyim təsdiqlənməyib. Şübhə etmirəm ki, bu məsələdə Vüqar Səfərlinin mənə olan sonsuz qəzəbi həlledici rol oynayıb. Onu da deyim ki, Azərbaycan Mətbuat Şurasının ötən il baş tutan 15 illik yubileyində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdrinin müavini Vüqar Əliyevlə görüşüb, bu haqsızlığa son verilməsini xahiş etdim. Həmin gün Vüqar müəllimlə aramızda geniş söhbət oldu. Sonda Vüqar müəllim məndən səbirli olmağı xahiş etdi. Bu gün sizə müsahibə verəndə hiss etdim ki, səbir kasam dolub.


Elnur Məmmədli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top