“Veysəloğlu” cərimələndiyini etiraf etdi — Demokrat.az-ın xəbəri TƏSDİQLƏNDİ (AÇIQLAMA)

GÜNDƏM 20 mar 2019, 21:36

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti “Veysəloğlu” Şirkətlər Qrupuna qarşı maliyyə sanksiyası tətbiq edib. 

Bu barədə Demokrat.az olaraq məlumat yayaraq bildirmişik ki, sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması nəticəsində külli miqdarda vergidən yayınma halları aşkar edilərək, “Veysəloğlu” Şirkətlər Qrupuna 2 milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib.


Məsələ ilə bağlı “Veysəloğlu” Şirkətlər Qrupu da məlumat yayıb. 


Məlumatda 2 milyonluq maliyyə sanksiyası xəbəri təsdiq olunub. Lakin şirkət bəyan edib ki, bu qərarın əsası yoxdur, Vergilər Nazirliyinə etiraz bildirilib və araşdırma aparılır.


Şirkətin bəyanatında bildirilir: “Ölkə mətbuatında Vergilər Nazirliyinin “Veysəloglu” şirkətini cərimələməsi ilə bağlı məlumat yer almışdır. Bu məsələ ilə bağlı bidiririk ki, ötən ilin sonunda “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan bütün şirkətlərdə aksiz nişanı ilə markalanması məcburi olan məhsulların, işçilərin əmək müqavilələrinin və nağd pulun idarə edilməsinin yoxlanılması üzrə operativ vergi yoxlamaları həyata keçirilmişdir. Yoxlama aparılan istiqamətlər üzrə şirkətimizin fəaliyyətində kənarlaşmalar aşkar edilməmişdir. Belə ki, şirkətimizin bütün əməkdaşlarının əmək müqavilələri, şirkətlərimizə məxsus anbarlarda bütün məhsulların miqdarına, həmçinin aksiz nişanı ilə markalanması məcburi olan məhsulların və nəğd pul dövriyyəsinə aid bütün uçot sənədləri qaydasında olmuşdur. Yoxlama zamanı vergi əməkdaşları tərəfindən yaranmış olan bütün sorğu və suallar zamanında cavablandırılaraq müvafiq sənədlər təqdim olunmuşdur.
Hətta yoxlama zamanı və yoxlamadan sonrakı dövrdə vergi əməkdaşları da bizim vergi uçotuna dair işlərimizin qanunvericiliyə uyğun yüksək səviyyədə təşkil olunması barəsində dəfələrlə müsbət fikirlər səsləndirmiş və yoxlama apardıqları digər şirkətlərə bizi yaxşı nümunə olaraq göstərmişlər. Bunun əsas səbəbi isə cənab Nazirin 2018-ci ili şəffaflığa doğru keçid ili kimi elan etməsi çağırışına məsuliyyətlə yanaşaraq bu istiqamətdə ciddi işlər görməyimiz olmuşdur”.

 


Şirkətin bəyanatında daha sonra bildirilir ki, yoxlama nəticəsində hər hansı pozuntu aşkar edilməsə də, maliyyə sanksiyası tətbiq olunub. 


“2019-cu ilin əvvəlində şirkətimizə, qeyd olunduğu kimi cərimə yazılmışdır. Şirkətimiz bu cəriməni əsassız sayaraq qəbul etməmiş və məhz bu səbəbdən dərhal Vergilər Nazirliyinə şikayət məktubu ilə müraciət etmişdir. Bu zaman qeyd olunan cərimənin əsassız olduğunu sübut edən bütün vergi uçot sənədlərini də aidiyyatı üzrə təqdim etmişik. Hazırda etirazımız Vergilər Nazirliyi tərəfindən araşdırılmaqdadır. Ümid edirik ki, yaxın günlərdə Vergilər Nazirliyi bizim haqlı olduğumuzu təsdiq edəcək və ədalətli qərar verəcəkdir.


Məqalədə yer almış olan satışa gedən məhsulların vergidən yayınma halları ilə bağlı yazılanlar da həqiqəti əks etdirmir. Bu istiqamətdə aparılan yoxlamalar zamanı vergi rəsmilərinin tələb etdiyi bütün lazımi sənədlər tərəfimizdən təqdim edilib və satışa gedən məhsulların vergidən yayınma faktlarının aşkar edilmədiyi müəyyən olunmuşdur.


Bildirmək istəyirik ki, şirkətimiz müvafiq dövlət qurumları tərəfindən şəffaflığa doğru atılan bütün addımları alqışlayır və tam olaraq dəstəkləyir. Bu gün də şirkətlər qrupumuz bu istiqamətdə öz aktivliyini davam etdirməkdədir.


“Veysəloğlu” şirkəti uzun illəri əhatə edən fəaliyyəti dönəmində qanunvericiliyə müvafiq olaraq ölkəmizin vergi siyasətini hər zaman dəstəkləyib və bu siyasəti icra edən vergi orqanları ilə qanun çərçivəsində əməkdaşlıq etmişdir”.


1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” hazırda böyük bir şirkətlər qrupuna çevrilib, əsasən satış və distribüter fəaliyyəti göstərməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top