"Ümumiyyətlə Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik qapadılmalıdır" - Əli Orucov

SOSİAL 19 mar 2019, 20:13

“Prezidentin imzaladığı əfv fərmanı milli barışıq və  qarşılıqlı münasibətlərin normallaşdırılması istiqamətində atılan addımdır”. 

 

Bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov prezident  İ.Əliyevin 16 mart tarixli əfv fərmanını moderator.az saytına şərh edərkən səsləndirib. 

 

AMİP yetkilisi həmçinin deyib: “Cəmiyyət belə bir addımı gözləyirdi. Doğrudur, yenə də siyasi məhbus məsələsi tam həllini tapmadı. Bir qisim insanlar həbsdə qaldı. Lakin ümid edirəm ki, tezliklə onlar da azadlıqlarına qovuşa biləcəklər. Təəssüf ki, Azərbaycanda siyasi məhbus mövzusu uzun illərdən bəri alver predmetinə, bəzilərinin isə qazanc mənbəyinə çevrilib. Azadlığa çıxanları yeniləri əvəz edir. Beləcə siyasi məhbus mövzusu  aktuallığını illərlə saxlayır. Lakin bundan  Azərbaycan cəmiyyəti və bütövlükdə dövlət  ziyan çəkir. Ölkənin beynəlxalq imici zədələnməklə yanaşı, təzyiqlər üçün imkanlar yaranır. Ona görə də, ümimiyyətlə Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik qapadılmalıdır, bunun bədəli nə olrsa olsun”.

 

Son əfv fərmanını başladılan islahatların və açılımın tərkib hissəsi kimi qəbul edilməsinə gəlincə,  Əli Orucov bildirdi: “Bu barədə tərəddüd edirəm. İslahat və açılım geniş anlamdır. Maaşların, pensiyaların qismən artırılması, keçirilən görüşlər və s. bunlar islahat sayıla bilməz. Həm də, maaşlarla birlikdə bazarda qiymətlər də dəfələrlə qalxır. Bahalaşmanın tempi də artır. İkincisi də dövlətin, hökumətin vəzifəsi xalqın rifah halının yaxşılaşdırmasıdır. Bu onun gündəlik görəcəyi işlərdi ki, görülməyib, illərlə yığılıb qalaqlanıb, qısa müddətə də bunların öhdəsindən gəlmək asan deyil. Açılım, islahat o zaman olacaq ki, cəmiyyəti və dövləti narahat edən neqtiv hallar rüşvət, korrupsiya, məmur özbaşınalığı, yarıtmaz idarəçilik, qeyri-şəffaflıq, talançılıq və s. aradan qaldırılsın. Konstitusiyamız vətəndaşlara verilsin, Konstitusiyada nəzərdə tutulan haqq və hüquqlardan insanlarımız maneaəsiz yararlana bilsin. Bütün bunları etmək isə indiki hakimiyyətin gücündə və iradəsində deyil. Bu komanda ilə, bu sistemlə islahatlar və açılım aparılması şəxsən mənə inandırıcı gəlmir. Mövcud siyasi sistemin əsasını rüşvət, korrupsiya, inzibatı amirlik, sərt mərkəzləşdirilmiş idarəetmə, ən nəhayət bir qrup hakim elitanın maraqları təşkil etdiyindən geniş çaplı, köklü islahatların aparılması rejimi çökdürər. Təcrübə göstərib ki, Azərbaycan kimi bəznər siyasi sistemlərdə belə şeylər ağır sonunclar verir. Elə götürək M.Qorbaçovun yenidənqurmasından sonra SSRİ-nin çöküşünü. Məncə, belə səhvlərdən nəticə çıxarıb, Azərbaycanı poliqona çevirmək olmaz. Cənab İ.Əliyev əksəriyyəti  neokommunistlərdən olan, tərəqqini və inkişafı rədd edən indiki komandası ilə köklü reformalar apara bilməz. Xalq isə bu cür yaşamaq daha istəmir, yenilik, dəyişim istəyir. Özü də minnətli, yarımçıq yox.  İndiki hakimiyyətin  bunu verə biləcəyi inandırıcı deyil. Bunun da iki yolu var. Ya cənab İ.Əliyev çox çətin də olsa, açılım yolundakı kör-kötüyü, daş-kəsəyi təmizləməli, mürtəcə mahfizəkarları zərərsizləşdirməli, ya da onların güdazına getməlidir. Mən əminəm ki, cənab İ.Əliyev səmimən köklü islahatlar üçün, ölkənin və xalqın parlaq gələcəyi üçün daxildəki və xaricdəki mütərəqqi qüvvələrə əl üzatsa, onun əlini sıxanlar kifayət qədər olacaq.”

 

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top