“Görünür, Vidadi Zeynalov hakimiyyətlə dil tapa bilib” — Arif Hacılı

"Azərbaycanda ədalət mühakiməsi sistemi mövcud deyil. Xüsusilə tanınmış şəxslərin, dövlət məmurlarının həbsi onların törətdikləri əmələ görə yox, hakimiyyətə, hakimiyyətdə olan elitaya, onların münasibətinə bağlıdır”.


Demokrat.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Müsavat partiyasının başqanı Arif Hacılı keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun həbsdən azad olunmasına münasibət bildirərkən deyib. 


A. Hacılı bildirib ki, Eldar Mahmudovun rəhbərlik etdiyi nazirlikdə baş verən hadisələrə görə xeyli adam həbsdədir: 


“Ancaq Eldar Mahmudova heç inzibati cəza da verilməyib. Rabitə naziri azadlıqda olduğu halda, bu nazirlikdə baş verən korrupsiya hallarına görə digər şəxslər həbs olunmuşdu. Görünür, azadlığa buraxılan həmin şəxs hakimiyyətin yüksək elitası ilə dil tapa bilib və hakimiyyətə sədaqətini təsdiq etməyə nail olub. Bunun sayəsində də azadlığa çıxıb”.


A.Hacılı bildirib ki, bu cür həbslər və ya azadlığa buraxılmalar siyasi sifarişdir: 


“Bir daha qeyd edirəm ki, Azərbaycanda xüsusilə tanınmış şəxslərin – istər iqtidarda, istər müxalifətdə - həbs olunması onların törətdikləri əməllərlə bağlı deyil. Ölkədə bütün nazirliklərdə, idarələrdə bu cür faktlar - korrupsiya, rüşvət mövcuddur. Bütövlükdə Azərbaycan və idarəçilik sistemi korrupsiya üzərində qurulub. Korrupsiya və rüşvətxorluq ölkənin idarəetmə sisteminin enerji mənbəyidir. Belə olan halda, kimlərinsə seçmə yolu ilə həbs olunmasının özü əslində bir tərəfdən siyasi xarakter daşıyırsa, digər tərəfdən həmin şəxslərin hakimiyyətin yüksək elitasına münasibətinə görə onlar haqqında qərarlar çıxarılır. Yəni burada söhbət ədalət mühakiməsindən yox, adamların həbsi və azad olunması ilə əlaqədar siyasi sifarişlə bağlılığından gedir”.


Qeyd edək ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib.  73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilən keçmiş aparat rəhbəri apellyasiya şikayəti vermiş və məhkəmənin hökmü ilə cəzası 4 ilə endirilmişdi.

16 Mart 2019, 09:20   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin