"ABŞ Dövlət Departamentinin hesabatının heç bir hüquqi əsası yoxdur" — Siyavuş Novruzov

SİYASƏT 16 mar 2019, 00:00

“ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara dair hesabatında Azərbaycan haqqında yer alan məqamlar heç bir fakta, araşdırmaya söykənmir. Dövlət Departamenti köhnə materialları nəinki dəyişdirmədən dərc edib, hətta Əli Kərimlinin, “Milli şura”nın bəzi üzvlərinin fikirlərinin nöqtə-vergülünü belə dəyişmədən hesabata daxil ediblər”. 

 

Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

S.Novruzov bildirib ki, Dövlət Departamenti hər bir insanın verdiyi informasiyaya deyil, ciddi mənbələrə əsaslanmalıdır. Onun sözlərinə görə, dünyanın aparıcı bir dövlətinin Dövlət Departamenti tərəfindən maraqlı tərəflərdən birinin subyektiv düşüncələri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalı, qarşı tərəfin arqumentləri də dinlənilməli və nəzərə alınmalıdır.  S.Novruzovun fikrincə, təəssüflər olsun ki,  bu hesabat tamamilə birtərəflidir və qeyd etdiyimiz obyektiv kriteriyalara uyğun gəlmir.  

 

“Bəs, niyə bu hesabatda Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş,  bütün hüquqlardan məhrum olunmuş bir milyon qaçqın və məcburi köçkünün haqqında bir kəlmə işlədilmir. Yaxud bizim Kəlbəcərli həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə  ermənilər tərəfindən hər cür işgəncə verilir, onlara qeyri-qanuni məhkəmə qurulub. Hesabatda onlar barədə bir kəlmə belə işlədilməyib. Mehman Qələndərov, Əfqan  Muxtarlı ilə Gözəl Bayramlıdan danışırlar, amma Dilqəmlə Şahbazdan bir kəlmə də hesabatda yazmayıblar”-deyən, YAP İcra katibinin müavini hesab edir ki, belə hesabatların yayılmasında xüsusi maraqlar var. “Çünki Azərbaycanın apardığı müstəqil siyasət, cənab Prezident tərəfindən qəbul olunan qərarlar, sərəncamlar, bu yaxınlarda imzalanması gözlənilən əfv sərəncamı müəyyən qüvvələrə sərf etmir. Həmin qüvvələr  istəyirlər ki, Azərbaycan dövləti onların diqtəsi ilə oturub-dursun. Amma Azərbaycan müstəqil dövlətdir, həyata keçirilən siyasətdə milli maraqların qorunması öndə dayanır”.

S.Novruzov həmçinin,  Azərbaycanda internet və media azadlığının tam təmin olduğunu diqqətə çatdırıb: “Azərbaycanda iyirmidən çox internet televiziyası fəaliyyət göstərir. Bu gün xaricdə oturub youtube, digər beynəlxalq internet resursları vasitəsi ilə Azərbaycana qarşı təh      qir, böhtan kampaniyası aparılır. Bu kampaniyanı da Qərbdəki müəyyən dairələr maliyyələşdirir”.

 

Dövlət Departamentinin bu hesabatının `divar kağızı`ndan fərqlənmədiyini deyən millət vəkilinin sözlərinə görə, bu hesabatın heç bir hüquqi əsası yoxdur. O qeyd edib ki, ABŞ-ın özündə də insan hüquqları ciddi şəkildə pozulur. Buna sübut kimi bir sıra araşdırmaçı-jurnalistlərin müəmmalı qətllərini, Əbu Qureybdə və  Quantanamo həbsxanasında verilən işgəncələri göstərmək olar. Amma ABŞ-da bu hadisələrlə bağlı ciddi tədbirlər görülməyib, təqsirkarların bir çoxu ümumiyyətlə cəzalanmayıb.

 

YAP Icra katibinin müavini əfv sərəncamı, siyasi məhbus kimi tanınan şəxslərin əfv olunub-olunmayacağı ilə bağlı sualın cavabında deyib ki, əfv sərəncamı bir qrup insana sərf etmir: “Əfv sərəncamı olanda xaricdə oturan bir qrup şəxsə, erməni lobbisinə xidmət edən insanlara və Azərbaycanda Milli Şura adlanan quruma, o cümlədən,  Əli Kərimlinin güruhuna sərf etmir. Əksinə, bu və ya digər şəkildə çalışırlar ki, o insanların heç biri azadlığa buraxılmasın. Bunlar da onların adından istifadə edib qrant alsınlar, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilsin”. O, eyni zamanda bildirib ki, əfvlə bağlı müraciətlər olub.

 

“Artıq “Milli şura”nın təmsilçiləri iddia edirlər ki, mitinqə görə əfv sərəncamı olacaq. Halbuki əfvlə bağlı mindən artıq müraciət daxil olub. Müraciətlərə baxılıb və bunlardan 400 nəfər insanın azadlığa buraxılması ilə əlaqədar sənədlər hazırlanıb. Bu şəxslərin sayı və kimliyi əfv komissiyası tərəfindən müəyyənləşdirir. Maraqlı məqamlar ondan ibarətdir ki, onlar azadlığa çıxdıqdan sonra Əli Kərimlinin dəstəsi artıq bu insanlarla maraqlanmır və ya müxalifət düşərgəsindən kənarlaşdırmağa çalışır. Çünki, azadlıqdakı müxalifətçi onlar üçün maddi və mənəvi əhəmiyyət kəsb etmir. Məsələn, İlqar Məmmədov. O həbsdə olanda onun adını daha çox hallandırırdılar, nəinki indi. İndi artıq onunla rəqabətə giriblər, çirkli rəqabət aparırlar. Azərbaycan hüquqi dövlətdir. Kimin cinayəti ictimai təhlükəli deyilsə, əfvə uyğun gəlirsə, ailəsi və ya hüquq müdafiə təşkilatları tərəfindən müraciət edilibsə, törətdiyi əməldən peşman olması barədə etirafı varsa, o şəxslərlə bağlı müraciətə baxılır və müvafiq qərar qəbul ediləcək”-deyə YAP İcra katibinin müavini vurğulayıb.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top