Elçin Şıxlı məhkəmədə ifadə verib

HADİSƏ 13 mar 2019, 12:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsinin iştirakçısı, keçmiş “Bozqurd” batalyonunun komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ifadə verib.


O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: “Əgər suallarınız varsa, cavablandıra bilərəm”.


Lakin hakimlərin, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun vəkilinin E.Şıxlıya heç bir sualı olmayıb.


Xatırladaq ki, E.Şıxlı istintaqa ifadəsində deyib ki, N.Xocanın işləməyə yeri olmadığı üçün ona öz redaksiyasında yer ayırıb və təqsirləndirilən şəxs həmin saytı oradan idarə edib.


Daha sonra təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov vəsatət qaldırıb. O deyib ki, cinayət işində qeyd edilən yazılara linqvistiq politoloji rəy vermiş Bəxtiyar Əliyev məhkəmədə dindirilməlidir.


Hakim vəsatətə münasibəti növbəti iclasda bildirəcəyini elan edib.


Proses martın 18-dək təxirə salınıb.


İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.


Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Amma barəsində həbs qətimkan tədbiri seçilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top