AzTV-də yeni layihələrə start verilib – “Biznes klass” verlişi (VİDEO)

MARAQLI 12 mar 2019, 15:46

Uzun illərdir ki, Azərbaycan telekanallarında yaranmış vəziyyət ölkə ictimaiyyətini narahat edən əsas problemlərdəndir. Telekanalların bütün proqramlarını bayağı şoulara, zövqsüz musiqilərə, düşük verlişlərə və məddahların monoloqlarına həsr etməsi əhalinin Azərbaycan telekanallarına baxmaqdan imtina etməsinə səbəb olub.


Bir çox verlişlərə aparıcı kimi hamının əxlaqsız kimi tanıdığı, səvəyyəsi və savadı olmayan şəxslərin (istər qadın, istərsə də kişi cinsindən olsun-red.) çıxarılması, bəzən tərbiyəsizliyin, mənəviyyatsızlığın açıq şəkildə təbliğ olunması telekanalların Azərbaycan xalqının milli dəyərlərini məhv etməyə yönəlik siyasət apardığından şübhələnməyə əsas verir. Bu siyasəti arxasında xarici qüvvələrin dayanması da istisna edilə bilməz…


Hər halda ictimaiyyətin əsas gözləntilərindən biri də ölkədə həyata keçirilən islahatların telekanallardan da yan keçməməsi, televiziyaların korlayıcı fəaliyyətinə son verəcək qərarların qəbul edilməsidir. Bu isə telekanalların rəhbərliyində ciddi dəyişikliyin aparılmasını tələb edir.


Yalnız ciddi kadr islahatları tekekanallarda keyfiyyət dəyişikiliklərinə səbəb ola bilər. Bunu Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyinin dəyişilməsindən sonra telekanalda görülən işlər də sübut edir.


Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

 


Rövşən Məmmədov fəaliyyətə başlayan kimi telekanalı keçmiş sədr Arif Alışanovun quruma topladığı qohum-əqrabasından təmizləmək, maliyyə fırıldalıqlarını aradan qaldırmaqla yanaşı, yaradıcılıq sistemində də ciddi dəyişiklik edib.


Belə ki, AzTV-yə küçə müğənnilərinin çıxmasının, insanların zövqünü korlayan musiqilərin səsləndirilməsinin qarşısını almaq məqsədilə Bədii Şura bərpa edilib.


Vaxtilə AzTV ənənəsi kimi formalaşan teletamaşaların çəkilişi ənənəsinin geri qaytarılıb. Belə ki, keçmiş sədr Nizami Xuduyevdən sonra sədr postunu tutan Arif Alışanovun zamanında qurumda teletamaşa ənənəsi də məhv edilərək sıradan çıxarılmışdı. Artıq bu ənənənin yenidən formalaşması üçün müvafiq yaradıcılıq və kadr təyinatı ilə bağlı qərarlar verilib. R.Məmmədovun əmri ilə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru Səyavuş Məmmədovun azad edilərək, onun yerinə “Ac həriflər”, “Yaşıl eynəkli adam” və b. teletamaşaların müəllifi, Xalq artisti Ramiz Həsənoğlu təyin edilməsi də bunun tərkib hissəsidir.


Bundan başqa, dövlət televiziyasının studiya quruluşunun, verilişlərin formatının və məzmunun Rusiya, Avropa və ABŞ teleməkanı təcrübələrinə əsasən yenilənməsi ilə bağlı da qərarlar qəbul edilib ki, yaxın zamanda bunun tətbiqinə də start veriləcək.


Telekanalda artıq bir sıra yeni layihələrə başlanılıb, bu proqramlara rəhbərlik də peşəkarlara, tanınmış şəxslərə tapşırılıb. Belə layihələrdən biri də tanınmış professor, iqtisad elmləri doktoru Zahid Məmmədova həvalə olunan “Biznes klass” verilişidir.


“Biznes klass” verilişində UNEC professoru Zahid Məmmədov və onun dəvət etdiyi qonaqlar Azərbaycan iqtisadiyyatındakı mövcud durumu qiymətləndirir, inkişaf perespektivlərini və problemləri müzakirə edirlər. Eləcə də ölkənin iqtisadi gücünün, ixrac potensialının artırılması, rəqabətədavamlı milli istehsalın yaradılması və digər məsələlərlə bağlı təkliflərlə çıxış edirlər.


Verlişə dəvət olunan qonaqlar öz sahələrinin aparıcı şəxsləri, ölkə iqtisadiyyatının problemlərini bilən mütəxəssislər olduğundan, müzakirələr canlı və maraqlı keçir. Bu baxımdan verilişin qısa müddətdə geniş auditoriya toplayacağı şübhə doğurmur.


“Biznes klass” verlişinin uğurlu startı aparıcılıarını adətən şou nümayəndələri, müğənnilər arasından seçən Azərbaycan televiziyaları üçün də bir nümunə ola bilər. Telekanallara mütəxəssislərin, alimlərin cəlb edilməsi yerli televiziyaların itirdikləri auditoriyanı geri qatytarmasına kömək edər.(AzPolitika.info)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top