"Elə etməliyik ki, Ermənistan küncə sıxılmış vəziyyətdə olsun" — Ermənistanın Təhlükəsizlik Şurasının Xankəndində toplanmasına deputatdan REAKSİYA

GÜNDƏM 12 mar 2019, 13:14

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Ermənistanın Təhlükəsizlik Şurasının Azərbaycan torpaqları olan Xankəndində toplanmasına sərt reaksiya verib. 


Deputat Demokrat.az-a açıqlamasında bildirib ki, bu addım birmənalı olaraq təxribat xarakteri daşıyır:


"Bu, ilk növbədə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesinə arxadan vurulan zərbədir. Bu addımın atılması ilk növbədə qarşıdakı aylarda keçirilməsi gözlənilən Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün pozulmasına xidmət edir. Belə bir təxribatçı addımın atılması nəticəsində sözügedən görüşün keçirilməsi çox böyük sual altına düşür və mahiyyətini itirmiş olur. Xüsusilə də Nikol Paşinyanın İrana səfəri zamanı orada yaşayan soydaşlarımız tərəfindən çox böyük təzyiqlərlə üzləşməsindən sonra bu addımın atılması təsadüfi ola bilməz. Çünki bu gün Azərbaycan dövlətinə Güney Azərbaycandan olan soydaşlarımızın da çox güclü mənəvi və psixoloji dəstəyi var.  Bu isə Ermənistanı çox narahat edir".


E.Nəsirov qeyd edib ki, Nikol Paşinyanın Brüsselə səfəri zamanı orada ondan danışıqların formatının dəyişdirilməsi və bu danışıqlarda bilavasitə Azərbaycan və Ermənistan rəhbərliyinin iştirakı tələb olunub:

"Yəni, Avropa Birliyinin rəsmiləri tərəfindən Paşinyanın danışıqlarda qondarma rejimin qatılması təklifi rədd edilib. Qəti şəkildə mövqe ortaya qoyulub ki, danışıqlarda qondarma rejim tərəf kimi iştirak edə bilməz. Sadalanan bu reallıqlar fonunda bu gün Nikol Paşinyana ölkə daxilində çox güclü təzyiqlər var. Hətta, vəziyyət o həddə çatıb ki, onun həbs etdiyi keçmiş prezident Robert Köçəryan Nikol Paşinyana Qarabağ danışıqlarında güzəştə getməyinə əsla imkan verməyəcəyi barədə həbsxanadan ultimatum göndərir. Eyni zamanda biz Paşinyanın 10 aylıq hakimiyyətinin dövründə artıq eyforiyalarının başa çatdığının şahidiyik. Artıq xalq Nikol Paşinyandan sosial və iqtisadi sahələrdə konkret addım atmasını tələb edir. Bütün bu reallıqlar fonunda "Qarabağ kartı" yenə aktuallaşıb. Bu gün Nikol Paşinyan çox gözəl dərk edir ki, həm daxili, həm də xarici siyasətdə heç bir uğurlu nəticəyə imza ata bilməyib. Buna görə də Paşinyan daxili auditoriyaya ünvanlanmış bəyanatlarla çıxış edir. Elə təklif edir ki, o qəbuledilməzdir. Heç bir beynəlxalq qurum, ATƏT-in Minsk qrupu və Avropa İttifaqı Paşinyanın əsassız təkliflərini qəbul etmir. Onun təklifləri qəbul edilmədiyi üçün Paşinyan danışıqlardan imtina etməlidir. Belə olan halda isə Azərbaycanın Qarabağda anti-terror əməliyyatlarına başlaması üçün "yaşıl işıq" yandırılacaq və bütün məsulyyət Ermənistanın üzərində qalacaq. Paşinyan danışıqlar getsə belə, bu, Ermənistanın psixoloji məğlubiyyəti kimi qiymətləndiriləcək. Bu halda isə cənab Prezident İlham Əliyev Ermənistan rəhbərliyini daha da çıxılmaz vəziyyətə salacaq".


Deputat qeyd edib ki, Nikol Paşinyanın Ermənistanın Təhlükəsizlik Şurasını Azərbaycan torpaqları olan Xankəndində toplaması onu daha da ağır vəziyyətə salacaq:


"Bu cür addımlar heç bir halda Paşinyana uğur gətirməyəcək. İniki halda Paşinyan praqmatik addımlar atmalıdır. Bunun əksi isə Paşinyanın hakimiyyətinin sonunu gətirə bilər".

 


E.Nəsirov Ermənistanın Təhlükəsizlik Şurasının Xankəndində toplanması ilə bağlı beynəlxal təşklatlara da çağırış edib:


"Bu toplantının keçirilməməsi üçün gərək beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu bu məsələlərdə qətiyyət nümayiş etdirsin. Yəni, Ermənistana qarşı təzyiq mexanizmlərini işə salsın, Paşinyanı ağıla, konstruktiv addımlar atmağa çağırsın. Əgər beynəlxalq birlik tərəfindən passiv davranış olarsa, təbii ki, Ermənistanın belə bir topantını reallaşdırması mümkün ola bilər. Hesab edirəm ki, beynəlxalq təşkilatların təzyiqləri olmasa, Paşinyan belə bir addımı ata bilər. Ona görə də Nikol Paşinyan hətta toplantı keçirsə belə, o, real vəziyyətin düzgün qiymətləndirilməsi ilə bağlı addımlar atmalıdır. Paşinyan həmin toplantıda başa salmalıdır ki, bizim başqa çıxışımız yoxdur. Bütövlükdə isə belə bir addımın atılmasını çox böyük təxribatçı addım hesab edirəm".


Deputat vurğulayıb ki, belə bir addımların fonunda Ermənistanla danışıqlara getmək artıq mahiyyətini itirir:


"Bu məsələ ilə bağlı Azərbaycan diplomatiyası çox fəal işləməlidir. Bu məsələlər ATƏT-in Minsk qrupunun rəhbərliyinə bir daha çatdırılmalıdır ki, artıq hadisələrin bundan sonrakı inkişafına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Eyni zamanda bizim Silahlı Qüvvələrimiz tərəfindən hərbi təlimlər mütəmadi olaraq keçirilir. Hesab edirəm ki, yaranmış vəziyyəti qiymətləndirib, çox ciddi addımlar atıla bilər. Türkiyə və Azərbaycan Silahı Qüvvələrinin birgə təlimləri mütəmadi xarakter daşımalıdır. Yəni, Ermənistan tərəfi Azərbaycanın hərbi gücünü və potensialını görüb, geri addım atmalıdır. Ermənistan bilməlidir ki, hadisələr ən mürəkkəb ssenari ilə inkişaf edə bilər. Əgər Ermənistan rəhbərliyi "aprel döyüşləri"ndən hələ də dərs almayıbsa, deməli tamamilə ağıllarını itiriblər, real vəziyyəti qiymətləndirmək imkanından məhrum olublar. Təbii ki, biz indiki vəziyyətdə diplomatik addımlarla hərbi güc nümyişini sinxron şəkidə həyata keçirməliyik. Yəni, elə etməliyik ki, Ermənistan küncə sıxılmış vəziyyətdə olsun".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top