“Bu, prezidentin məmurlara son mesajıdır…” — Əliyevin maşının pedalındakı ÇIXIŞI

MARAQLI 10 mar 2019, 10:42

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz prezidentin Ağsu rayonuna səfəri ilə bağlı fərqli məqamları şərh edib.


Demokrat.az xəbər verir ki, mütəxəssis bildirib ki, Ağsu və şamaxı səfərləri əvvəlkilərdən kəskin fərqləndirən iki mühüm məqam diqqəti cəlb edir. Bu görüşdə adi, qabaqcadan müəyyən olunmayan vətəndaşların dövlət başçısı ilə birbaşa təmasına, hətta ŞİKAYƏT MƏKTUBLARI təqdim edilməsinə maneçilik yaradılmayıb: 


“Sirr deyil ki, əvvəlki görüşlərdə bu tip imkanlar təsadüfi ola bilərdi.  Hər şey protokola uyğun olaraq, XDMX –nin və polisin ciddi nəzarəti ilə aparılırdı. Rayonlarda söhbət etdiyim insanlar görüşlər zamanı hətta uzaqdan baxmaq üçün ciddi problem yaradıldığını bildirirdilər.

İndi isə tam fərqli bir situasiyadır. 


Həm də bu cür məktub təqdim edilməsindən sonra Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bütün şikayətlərin dərhal nəzarətə götürüldüyünü də açıqlayıb. 


Bu, əslində məmurlar üçün olan mesajdır”.


O. Gündüz bildirir ki, Sovet dövründə “orq otdel” icra sistemində ən ciddi, ən üstün vəzifə hesab olunurdu. Bütün vəzifəlilər bu qurumdan çəkinərdilər. Bütün icra başçıları və bütün təyinatlar bir başa bu şöbəyə tabe idi: 


“Əgər görüşdən sonra, keçmiş komsomol kadrı, öz sahəsi üzrə peşəkar olan Zeynal müəllim bu tip açıqlamalar veribsə demək vətəndaşları narazı salan məmurlarla bağlı tam yeni yanaşma olacağını gözləmək olar. Zeynal müəllimin icra başçılarına dolayısıyla demək istədiyi odur ki, artıq məktubların ünvanına yetişməyəcəyinə arxayın olmasınlar”.


O. Gündüz bildirir ki, görüşlərdə ikinci diqqət çəkən məqam prezidentin maşının pedalına çıxıb mobil səsgücləndirici ilə çıxış etməsi olub: 


“Fotolardan görünür ki mobil səsgücləndiricini daşımaq üçün xüsusi adam da ayırıblarmış.  Bilmirəm bu, yeni icra başçısının ideyasıdır, yoxsa Prezidentin köməkçilərinin, istənilən halda yaxşı düşünülmüşdü. 


Qeyri- adi situasiyalarda nəinki insanların başı üstünə, maşının üstünə, hətta tankın üstünə çıxıb çıxış edənlər də olub.


Beləliklə , buradan belə qənaətə gəlmək olar ki, indiki məqamda əsas diqqət, əsas məqsəd təm –taraqlı görüşlər, ciddi protokol qaydaları deyil, vətəndaşı razı salmaq olub. Doğru yanaşmadır. 


Ümid edirəm davamlı olacaq və islahatlar bütün sahələrdə davam etdiriləcək.


Eyni zamanda, bir daha burada qeyd etmək istərdim ki, mərkəzi icra orqanları rəhbərlərinin vətəndaşlarla görüşlərinin formatı və innovativliyi ilə bağlı mövcud proseduraları tez bir zamanda dəyişmək də doğru olardı”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top