“Nəsimini alver predmetinə çevirib bizi dünyada biabır etməsinlər...”

GÜNDƏM 07 mar 2019, 13:12

“Nəsimini neçə ildir dünya alimləri tam öyrənə bilməyiblər, amma bunlar Nəsimidən danışırlar”

 

Bunu Moderator.az-a açıqlamasında “Nəsimi” filmində ikinci rejissor və Dərviş rolunda çıxış edən xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti bildirib ki, verilən sərəncamlara nəzarət olunmalıdır ki, kimlərsə bundan sui-istifadə etməsinlər:

 

“İmadəddin Nəsimiylə bağlı ölkə başçısı sərəncam verəndən sonra yerindən qalxan özünü efirə atıb. Nəsimini neçə ildir dünya alimləri tam öyrənə bilməyiblər, amma bunlar Nəsimidən danışırlar. Bir neçə gün öncə Nəsimi haqqında verilişə baxırdım. Bunları ürək ağırısıyla deyirəm. Orda çıxış edən alimi tapıb özüylə söhbət edəcəm. Ölkə başçısına verdiyi sərəncamlara görə minnətdaram, amma bunlara nəzarət olmalıdır ki, bundan sui-istifadə edib, Nəsimini alver predmetinə çevirib bizi dünyada biabır etməsinlər. Çünki dünyada Nəsimini bilən adamlar ölkəmizə gələcək və onların buna görə yanında rüsvay olarıq.  


Bir müddət öncə Nəsimi iliylə bağlı Dünya TV-də verilişə dəvət olunmuşdum və orda bir jurnalist xanım mənə dedi ki, “Azərbaycanda bir qadın var və o burda bizim ozan aşıq tariximizlə, mədəniyyətimizlə bağlı materialları yığıb Fransada yaşayan ermənilərə göndərir. Bizə deyir ki, siz bu boyda mədəniyyətinizin qədrini bilmirsiniz. Lakin ermənilər bu materialları lazımınca dəyərləndirib, dünyada öz tarixləri kimi təbliğ edəcəklər”. İçimizdə oturub bu cür əməlləri edənlər var. Bizim buna məsul olan institutlarımız isə bu işlə məşğul olmurlar. Amma bir jurnalist bunu gündəmə gətirir. Azərbaycanın mədəniyyəti, tarixi və etnoqrafiyası ilə məşğul olan insanlar göz qabağında olmalıdır. Bizim dünyadan inciməyə haqqımız yoxdur, çünki bu günə kimi heç nəyi danışmamışıq. Ona görə də dünyada erməni yalanlarına həmişə inanıblar. Dünyada ən möhtəşəm silah ideologiyadır”. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top