Sabiq rektora və bacısı oğluna hökm oxundu

KRİMİNAL 10 may 2024, 13:36
"Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda Müşfiq Atakişiyev son söz deyib. O bildirib ki, ittiham aktı onun barəsində qərəzli tərtib olunub. 

Qeyd edib ki, barəsində  Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin başlanması əsassızdır. Onun sözlərinə görə, Tariyel Əhmədovun öldürülməsi üçün heç bir sübut yoxdur: "Tariyel Əhmədov məni həbs etdirmək gücünə sahib deyil. Məndən şikayət etsə də, bu məni narahat etməyib. Dəfələrlə şikayət edib, fəaliyyətim yoxlanılıb. Heç bir hüquqa zidd əməl aşkar edilməyib. Tariyel Əhmədov məndən 10 illər ərzində şikayət yazıb. Bütün Azərbaycan bilirdi ki, o yazan idi".

Müşfiq Atakişiyev deyib ki prokuror hər birinə 15 il cəza istəyib: "Bu ən ağır cəzadır. Barəmdə ədalətli qərar qəbul edilməsini istəyirəm".

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. 

Məhkəmənin hökmü ilə Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onların hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama görə, “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşfiq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşfiq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 22:30
Top