“Marketlərdəki vəziyyət yığışdırılmalıdır” — Tütün məmulatları haqda qanun niyə icra olunmur?

SOSİAL 08 may 2024, 16:50
Qeydiyyata alınmadan tütün məmulatı istehsal edənlər cərimələnəcək. Bu məsələ Milli Məclisdə müzakirə olunub və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Belə ki “Tütün və tütün məmulatı haqqında” Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı ilə məşğul olmağa görə vəzifəli şəxslər 5 min manatdan 7 min manatadək, hüquqi şəxslər isə 10 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd olunan dəyişikliyi Demokrat.az-a açıqlamasında dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, siqaret çəkmək məişət narkomaniyasıdır:

“Artıq bütün dünya tütün və tütün məmulatlarının zərərli olduğu qənaətinə gəlib və buna qarşı çıxır. Azərbaycan "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyasına qoşulub. Ölkədə tütün və tütün məmulatları haqqında qanun qəbul olunub. Son illər qanunda dəyişikliklər edilməsinə baxmayaraq qanun yerinə yetirilmir. 

Misal üçün, mövcud qanunda siqaretlərin tək-tək satışı qadağan olunub. Təhsil müəssisələri, tibb müəssisələri yaxınlığında da satışı qadağandır. Siqaretin bütün növləri zərərlidir. Lakin daha zərərlisi filtersiz olanıdır. Təəssüf ki, Azərbaycanda illərdir belə siqaretlər istehsal olunur. 

Qanunda dəfələrlə sərtləşmələr aparılsa də, ölkənin əmtəə bazarı bu sahəni zibilləməkdə davam edir. Hələ bazara qəlyan da daxil olub. Bütün bunlar insanlarda asılılıq yaradır. Ölkəyə mənşəyi məlum olmayan daha təhlükəli, qaçaqmalçılıq yolu ilə əldə edilən siqaretlər, tütün məmulatları daxil olur. Azərbaycan büdcəsi qaçaqmal siqaretlərinə görə 20 milyon dollar zərər çəkib”.



Ekspert diqqətə çatdırıb ki, qaçaqmalın istehsal mənbəyi məlum deyil, ona görə daha təhlükəlidir:

“Çünki bu cür mallar heç bir standarta cavab vermədən istehsal olunur və Azərbaycana gətirilir. Azərbaycanda qanun nə qədər dəyişdirilsə, sərtləşdirilsə də, marketlərə bu təsir etmir. 

Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, supermarkətlərə daxil olanda bizi siqaret reklamı qarşılayır. Bu, yolverilməzdir. Azərbaycan ən çox siqaret çəkilən ölkələrdən biridir. Marketlərdəki bu vəziyyət yığışdırılmalıdır. 

Arzu edərdim ki, bu təcrübə Filippindəki kim olsun. Orada siqaretlər qətiyyən marketlərdə satılmır, xüsusi yerlərdə, kiçik otaqlarda satılır. Doğma Bakımızda hətta siqaret evləri də yaradılıb. Düşünürəm ki, siqaretlə bağlı cərimələr artırılmalıdır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top