“Arvadım dəfələrlə xəyanət edib, mən isə...” — AİLƏ MÜNAQİŞƏSİ

HADİSƏ 08 may 2024, 11:40
Sumqayıt şəhərində 1986-cı il təvəllüdlü Elşad qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Banuya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Banu ilə 2008-ci ildə ailə həyatı qurub: 

“Birgə nikahdan üç az yaşlı övladımız var. 2018-ci ildən etibarən həyat yoldaşım Banu kənar şəxslə münasibəti olduğundan şübhələndim. Onun xəyanəti ilə əlaqədar əvvəllər də onu bir neçə dəfə döymüşəm. Üç uşağımın xətrinə, uşaqlar ortalıqda qalmasın deyə ona qəti şəkildə özünü yığışdırmasını, ailəmizin, uşaqlarımızın qədrini bilməsini, adına ləkə gətirən hərəkətlərə yol verməməsini tələb etdim. Maddi çətinliklə əlaqədar olaraq həyat yoldaşım arada bir kimlərinsə evini təmizləmək üçün gedirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti dəfə Banu ev yığışdırmaq üçün “Baxçaşəhər” yaşayış kompleksinə getmək adı ilə çıxıb: 

“Lakin Banunun həmin yerə getməmədiyindən şübhələndim. Buna görə “Baxçaşəhər”ə getdim, həyat yoldaşıma dayanmadan zəng vurmağa başladım. Lakin Banu telefon zənglərinə cavab vermədi. Bir müddət sonra telefonu açaraq bazar tərəfdə olduğunu bildirdi. Mən Banunun olduğu yerə getdim. Görüşən zaman ondan nəyə görə xəyanət etdiyini soruşdum. 

O da xəyanət etdiyini etiraf etmədi. Məsələni  aydınlaşdırmaqdan ötrü bir yerdə yaşadığımız mənzilə gəldik. Mənzildə bir daha ondan xəyanət etməsinin səbəbini soruşdum. Bu zaman Banu anamın və bacımın ünvanına nalayiq küçə söyüşləri söyməyə başladı. Banu ana və bacımı söydüyü üçün əsəbləşdim. Şillə ilə iki dəfə Banunun sifət nahiyəsinə vurdum. Bundan sonra isə onu itələdim. Bu zaman Banu yerə yıxıldı. Yerdə də əlim ilə ona bir iki zərbə vurdum. Bundan sonra Banu evdən qaçdı”.

İş üzrə zərərçəkmiş Banunun sözlərinə görə, əri Elşadın qısqanclığı üzündən mütəmadi olaraq evlərində ailə daxili münaqişələr olur: 

“Qısqanc olmasına baxmayaraq ailənin maddi çətinliyi ilə əlaqədar fərdi qaydada ayrı-ayrı şəxslərin evlərinə təmizlikçi kimi işə gedirəm. Hadisə günü saat 09.15-də Sumqayıt şəhər İcra hakimiyyətinin yaxınlığında ev təmizləməyə getdim. Həmin evdə olan zaman həyat yoldaşım Elşad zəng vurdu. Lakin başım işə qarışıq olduğu üçün onun zəngini eşitmədim. Sonra yenidən yığanda zəngi eşidərək açdım. 

Elşad həddindən artıq əsəbləşdi, məndən həyətə düşməyi tələb etdi. Elşad işlədiyim binanın qarşısına gəldi. Məni orada götürərək yaşadığımız mənzilə getdik. Mənzilə gələndən sonra məndən nəyə görə onun zənglərinə cavab vermədiyimi soruşdu. Mən də tozsoran işlədiyi üçün telefonun zəngini eşitmədiyimi bildirdim. Buna görə aramızda sözlə mübahisə baş verdi. Elşad mənim cavab qaytardığımdan, haqlı olduğumu izah etməyimdən əsəbləşdi. Mənim üstümə hücum edərək əvvəlcə şillə ilə sağ sifət nahiyəmdən vurdu, boğazımdan tutaraq məni yerə yıxdı. Yerə yıxandan sonra isə təpiklə hər iki qollarıma, bədənimin hər yerinə çoxsaylı zərbələr vurmaqla məni döydü. Mən çətinliklə də olsa onun əlindən çıxaraq evdən qaçdım. Elşad mənim arxamca gəlmədi. Mən oradan birbaşa 3-cü Polis Bölməsinə gəldim, Elşadın barəsində rəsmi qaydada şikayət etdim”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elşadın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top