Putinin andiçmə mərasimi başladı — CANLI

DÜNYA 07 may 2024, 12:41
Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinin inauqurasiyası keçirilir.

Demokrat.az xəbər verir ki, mərasim Böyük Kreml sarayının Andreyevsk zalında baş tutur. 

Xatırladaq ki, bu, Vladimir Putinin beşinci inauqurasiyasıdır, onun hazırkı prezidentliyi isə 2030-cu ilədək davam edəcək.

Vladimir Putinin 2000-ci ildə ilk inauqurasiyasının keçirildiyi vaxtdan bəri mərasim mayın 7-də təşkil edilir. Bu tarix “Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında” Qanunla müəyyən olunur. Qanuna görə, inauqurasiya əvvəlki dövlət başçısının vəzifələrinin icrasına başlamasından altı il sonra keçirilir.

Prezidentin andiçməsinin mətni Konstitusiyada təsbit olunub. Bu il Prezidentlə yanaşı tribunada RF Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin, Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin olacaqlar. Adətən, and içdikdən sonra Prezident xalqa müraciətlə çıxış edir.

Qanunun tələblərinə əsasən, dövlət başçısı inauqurasiyadan sonra Rusiya hökumətini istefaya göndərir.

Həmçinin RF Prezidenti Administrasiyasının rəhbərinin də avtomatik olaraq səlahiyyət müddəti başa çatır. İnauqurasiyadan sonrakı iki həftə ərzində Prezident hökumətin yeni başçısının namizədliyini Dövlət Dumasına təqdim etməlidir. Parlamentin təsdiqindən sonra dövlət başçısı onu vəzifəsinə təyin edir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top