“Otuz ildir ki, gözümüz yollarda idi” — Şəhid qardaşı

SOSİAL 06 may 2024, 17:56
“Düz otuz ildir ki, gözümüz yollarda idi. Qardaşım Elşad Qayımov Birinci Qarabağ müharibəsinə 18 yaşında əsgər kimi yollanmışdı. Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 1994-cü ildə valideynlərimə Elşadın yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanaları axtarsalar da, ondan xəbər ala bilməyiblər. Sonradan şəhid olduğu bildirilsə də, dəfn edildiyi yer barədə məlumat yox idi”.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şəhid Elşad Qayımovun qardaşı Rövşən Qayımov söyləyib.

“Nəhayət, 30 ildən sonra qardaşım doğma kəndində dəfn olunacaq. Təəssüf ki, valideynlərimiz bu günü görmədilər. Atam ötən il, anam isə 40 gün əvvəl dünyasını dəyişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Aparılan araşdırmalardan sonra qardaşımın Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib. Aprel ayında bu barədə bizə məlumat verdilər. Elə indi dəfnə hazırlıq işləri ilə məşğulam. Qardaşımın qanı yerdə qalmayıb. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı düşməndən tam azad etdi. İndi bütün şəhidlərimizin ruhu şaddır”, - deyə Rövşən Qayımov söyləyib.

Qeyd edək ki, Elşad Şirin oğlu Qayımov 1974-cü il yanvarın 8-də Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Qəhrəman döyüşçü 1994-cü il fevral ayının 19-da şəhidlik zirvəsinə ucalıb.

Mayın 7-də Elşad Qayımovla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhidin dəfn mərasimi keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top