Regionda yeni "yaşıl enerji" dəhlizi yaranır — Türk dünyasının NÖVBƏTİ HƏDƏFİ

GÜNDƏM 06 may 2024, 16:14
“Qazaxıstan, Azərbaycan və Özbəkistanın energetika nazirlərinin Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində respublikaların enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə imzaladıqları əməkdaşlıq memorandumunun məqsədi  bu üç ölkənin enerji sahəsində əməkdaşlığının əsas şərtlərini müəyyən etməkdir”.

Bunu Demokrat.az-a açıqlamasında enerji sektoru üzrə ekspert Zəfər Vəliyev deyib. O, sənədin ehtiva etdiyi məsələlərə aydınlıq gətirib: 

“Sənəddə nəzərdə tutulur ki , iştirakçılar texniki-iqtisadi baxımdan ən optimalını həyata keçirmək üçün  Xəzər dənizinin dibi ilə  yüksək gərginlikli kabel çəkməklə enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdırmaq və yaşıl enerjinin Azərbaycan üzərindən beynəlxalq müştəri bazarlarına ixracını təmin etmək  niyyətindədirlər. 

Bu memorandum texniki tapşırıqlar çərçivəsində  beynəlxalq ötürmə dəhlizlərinin inkişafı (maliyyələşdirmə , gəlir axını və mülkiyyət) və yaşıl enerjinin Avropa İttifaqı ölkələrinə satışı üçün təklif olunan biznes modelini hazırlayacaq. Bu isə perspektivdə regionda yeni yaşıl enerji dəhlizinin yaranması deməkdir”.

Qeyd edək ki, Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" imzalanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sənədin icrası yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enereji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top