Sülh müqaviləsi vasitəçi olmadan da imzalana bilər — AÇIQLAMA

GÜNDƏM 02 may 2024, 21:08
 “Dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarılması Azərbaycan-Ermənistan ikitərəfli danışıqlarının müsbət nəticəsidir. Göründüyü kimi vasitəçi olmadan da tərəflər siyasi iradə nümayiş etdirib ortaq məxrəcə gələ bilirlər”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qazaxıstanda keçiriləcək üçtərəfli görüşdə yeni format əsasında danışıqlar aparılacaq:

“Düşünürəm ki, Azərbaycanın Ermənistana göndərdiyi təkliflər paketi ətrafında müzakirələr aparılacaq. Bu da özündə baza sənədini ehtiva edir və COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin baza prinsipləri üzrə Çərçivə Sazişinin imzalanmasına əsaslanır. Almatı danışıqları müsbət nəticələnsə, hesab edirəm ki, payız aylarında bu Saziş imzalana bilər. Bu da növbəti mərhələdə sülh müqaviləsinin bağlanması deməkdir. Lakin bunun baş verməsi Ermənistanın siyasi iradəsindən asılı olacaq. Ermənistan hakimiyyətinə daxili qüvvələr və xarici güclər təsir edir. Paşinyan bunlara qarşı duruş gətirsə, Azərbaycanın təklif etdiyi ikitərəfli format əsasında tezliklə sülh müqaviləsi imzalana bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top