İcra hakimiyyətləri ləğv olunur? — Deputat açıqladı

GÜNDƏM 02 may 2024, 18:13
“İşğaldan azad olunmuş rayonlarda xüsusi nümayəndəliklərin yaradılması heç də icra orqanlarının ləğvi demək deyil. Bu, bilavasitə idarəetmədə baş verən yeni islahatlardır. Həmin ərazilərdə tikinti, abadlıq, quruculuq işlərinin aparılması bu gün üçün vacib məsələsidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev  deyib. O qeyd edib ki, insanların azad edilmiş ərazilərə müəyyən olunmuş vaxtda köçürülməsi üçün addımların atılması vacibdir:



“Xüsus nümayəndələr də bu sahədə üzərilərinə düşən vəzifəni uğurla həyata keçirirlər. Həmin ərazilərdə görülən işlər möhtəşəmliyi ilə seçilir. Yeni yolların salınması, körpülərin inşa edilməsi, məktəblərin, xəstəxanaların, bağçaların tikintisi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. İcra orqanları da üzərilərinə düşən vəzifələrin yerinə yetirilməsinə səy göstərir. Demək olar ki, yaradılan ictimai-siyasi sabitlik, vətəndaş qəbullarının artırılması, rayonlarda sosial-iqtisadi məsələlərin həlli bilavasitə icra orqanlarından işlərinə daha məsuliyyətlə yanaşmağı tələb edir. Onlar bu vəzifələri uğurla yerinə yetirir”.

Millət vəkili əlavə edib ki, bu günün reallığı idarəetmənin təkmilləşdirilməsini tələb edir: 

“Bu sahədə icra orqanları qarşılarına qoyduğu vəzifələri qiymətləndirir və həlli üçün tədbirlər həyata keçirir. Sözsüz ki, kadr dəyişiklikləri, idarəetmədə islahatların həyata keçirilməsi ölkə rəhbərinin səlahiyyətindədir. Əgər lazım olacaqsa, müvafiq islahatlar həyata keçiriləcək. Ancaq indiki halda icra orqanlarının gördüyü işlər qəneedicidir və fəaliyyətlərinə ehtiyac var”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top