F-16-lar Ukrayna səmasında — Müharibə şiddətlənir

DÜNYA 30 apr 2024, 20:13
Ukrayna yayda F-16 qırıcılarını alacaq. Danimarkanın Kiyevdəki səfiri Ole Eqberq Mikkelsen "RBC-Ukraina"ya müsahibəsində deyib ki, bu yay ölkəsi Ukraynaya qırıcıları təhvil verəcək. 

“Texniki detallarla o qədər də tanış deyiləm, amma bu yaxınlarda Ukraynada, Lvovda olan Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, qırıcılar bu yay əldə ediləcək. Lakin dəqiq tarix bəlli deyil. Mən yalnız onun dediklərinə istinad edə bilərəm”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, pilotlar və quru ekipajları Ukraynada F-16-dan istifadə etməyə hazırlaşır: “Bu, böyük vəzifədir və mən ötən ilin avqustunda, Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkaya səfər etdikdə Danimarkadakı aviabazada bəzi ukraynalı pilotlarla görüşmək şərəfinə nail oldum”.


Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, Qərb müharibənin davam etməsində maraqlıdır:



"Bunu bir neçə ölkənin timsalında gördük. ABŞ Ukraynaya 61 milyardlıq yeni yardım paketi ayırdığını elan etdi. Polşa öz artilleriya qurğularını, zirehli maşınlarını, Almaniya tanklarını Ukraynaya göndərdi. Fransa hətta öz ordusunu Ukraynaya göndərməyi düşünürdü. Ukrayna Rusiyaya qarşı aviasiya sahəsində zəif idi. Danimarka F16-larını Ukraynaya versə, bu bir ilk olacaq. Bundan sonra digər ölkələr də Ukraynanı qırıcılarla təmin edə bilər. Bu da Ukraynanın ciddi üstünlük əldə etməsinə səbəb olacaq. Düşünürəm ki, bu həm müharibənin uzanmasına, həm də şiddətlənməsinə səbəb olacaq bir amildir".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top