Lerikdə keçmiş icra nümayəndəsinə xəsarət yetirildi — TƏFƏRRÜAT

KRİMİNAL 30 apr 2024, 15:10
Lerik rayonunda 1952-ci il təvəllüdlü Güləş həmkəndlisi Əliəkbərə xəsarət yetirib. 

Demokrat.az xəbər verir ki, Güləş həmkəndlisi ilə mübahisə zamanı yerdən götürdüyü daş parçasını təxminən 2-3 metr məsafədən Əliəkbərə ataraq qəsdən başına vurub. 

Hadisəni törədən Güləşin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Güləş ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, kənd camaatı tərəfindən yaşadıqları kəndə gələn avtomobil yolunu təmir etmək üçün pul yığılıb: “İyulun 8-də, saat 9 radələrində Lerik rayonunun Şibgədulan kəndinə getdim. Yolun təmir işləri ilə bağlı çınqıl gətirən Kamaz markalı avtomobil kəndə gəldi. Yolun təmirinin hansı kənddən başlanılması ilə əlaqədar həmkəndlimiz Əliəkbərlə aramızda mübahisə yarandı. Əliəkbərə “sən 18 il icra nümayəndəsi işləmisən, kənd üçün nə etmisən” dedim. Əliəkbər isə mənə “sən kimsən, nəçisən” deyib ünvanıma nalayiq ifadələr işlətdi. Mənim üzərimə hücum edərək yumruqla sifət nahiyəmə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Həmin vəziyyətdə olarkən Əliəkbər təpiklə sol böyür və döş qəfəsi nahiyələrimə zərbələr vurdu. Mən isə özümü müdafiə etmək üçün yerdən əl boyda daş parçası götürüb Əliəkbərə tərəf tulladım. Lakin daş parçasının ona dəyib-dəymədiyini bilməmişm. Sonra yerdən qalxıb həmkəndlim Rəis adlı şəxsin avtomobilinə minib evimə getdim. Əliəkbərə daş ataraq ona ağır xəsarət yetirmək niyyətim olmayıb. Əliəkbərin müalicə xərclərini ödəməyə cəhdlər etsəm də, sonuncu köməyimi qəbul etməyib”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Güləş 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Güləşin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalında həbs edilib.  Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü ildən hesablanması qərara alınıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top