“COP29 Azərbaycanın regional və qlobal məsələlərə təsir imkanlarını göstərir” — Deputat

COP29 30 apr 2024, 14:16
“İştirakçı sayına görə COP29 ən böyük qlobal tədbir hesab olunur. Son COP tədbirinə 60 mindən çox iştirakçı qatılıb”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qoruması sahəsində həyata keçirdiyi siyasətin təzahürüdür: 

“Nəzərə almaq lazımdır ki, Azərbaycan 2030-ci ilə qədər enerji sektorunda “yaşıl enerji”nin payını 30%-ə qədər yüksəltmək niyyətindədir. Eyni zamanda həmin dövrə qədər karbon emisiyalarının 35% azaldılması hədəflənir. Bu da təbii ki, regionda iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması üçün ciddi hədəfdir. COP29 Azərbaycanın bu istiqamətdə imkanlarını və potensialını göstərməyə imkan verəcək. Tədbir Azərbaycan üçün həm iqlim dəyişikliyi, həm “yaşıl zona”nın formalaşması, həm də ətraf mühitin qorunması ilə bağlı həyata keçiriləcək layihələrin təqdimatı baxımından vacibdir”. 
V.Bayramov vurğulayıb ki, COP29 ölkənin turizm potensialını artırmağa imkan verəcək:

“Bu tədbir Azərbaycanın turizm sektoru üçün yeni imkanlar deməkdir. Tədbirin təşkil edilməsi bir daha Azərbaycanın gücünü və regional və qlobal məsələlərə töhfə və təsir imkanlarını göstərir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top