“UNESCO-dan ədalətli mövqə gözləmirik” — Deputat

GÜNDƏM 23 apr 2024, 21:10
Əqli Mülkiyyətin Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov  "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmaları ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir" adlı konfransda deyib ki, Qarabağda Azərbaycan xalqına məxsus qeyri-maddi və mədəni irs 30 il ərzində talan edilib. Onun sözlərinə görə, Azərbaycan bununla bağlı UNESCO-ya müraciət etsə də, hələ heç bir reaksiya verilməyib: “Lakin Ermənistanın xarici işlər nazirinin UNESCO nümayəndəsi ilə görüşündə erməni irsinin Qarabağda qorunması məsələsi müzakirə edilib. Maraqlıdır, UNESCO 30 il Azərbaycanın mədəni irsinə qarşı talançılığa qarşı reaksiya vermir. UNESCO ikili standartlara əl ataraq vəzifələrini icra etməkdən boyun qaçırır. Azərbaycan nümunələrinin mənimsənilməsi hayların köhnə adətidir".

Məsələyə münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Demokrat.az-a açıqlamasında qeyd edib ki, UNESCO-nun Qarabağda Azərbaycan abidələrinin talan olunmasına, faktaraşdırıcı missiyanın bura göndərilməsinə biganə münasibəti bilinən faktdır:

“Bu qüvvələr daha çox siyasiləşmiş qüvvələrdir. Onları mədəni abidələrdən daha çox siyasi addımlar maraqlandırır. UNESCO əslində siyasi simpatiyasını mədəniyyət üzərindən gerçəkləşdirməyə çalışan bir qurumdur. Onun üçün işğalçı dövlətin hansısa bir ərazidə dağıntılar törətməsi elə də maraqlı deyil, o daha çox bu dövlətə necə dəstək verməyi düşünür. UNESCO Azərbaycanın çağırışlarına indiyə qədər ciddi  reaksiya verməyib. Buna görə də ölkəmizlə bağlı qərarlarında qeyri-obyektivliyi birmənalı şəkildə görünür. UNESCO-nun bu davranışlarından ədalətli bir mövqə gözləmirik. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və dağıdılmış abidələrlə bağlı məsələlərin həlli istiqamətində addımlar atması dövlətin suveren hüquqlarına aid olan məsələdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top