“İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişafının əyani sübutudur”

GÜNDƏM 23 apr 2024, 17:45
 “Azərbaycanın dövlət başçısının Rusiyaya səfəri həm Cənubi Qafqaz, həm keçmiş MDB ölkələri, həm də dünya ölkələri üçün böyük siyasi hadisədir. Çünki artıq Azərbaycan öz tarixində ilk dəfə olaraq hərbi yolla deyil, danışıqlar, sülh yolu ilə öz  problemlərini həll edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

O qeyd edib ki, əksər dünya dövlətləri Azərbaycanın 4 kəndinin dinc yolla qaytarılması və Rusiyanın sülhməramlı kontingentinin vaxtından əvvəl Azərbaycan torpalarından çıxmasını alqışlamadı:

“Amma bu, alqışlanası hadisə idi. Artıq öz missiyasını yerinə yetirən rus sülhməramlısı torpaqlarımızı tərk edir. Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan torpaqlarında başqa dövlətlərin hərbi gücü yoxdur. Ölkə başçısının Rusiyaya səfəri bir çox aspektdən əhəmiyyət daşıyır. Məlumdur ki, Baykal–Amur magistralının əsası 1974-cü ildə qoyulub. Magistralın tikintisinə Sovet İttifaqının vətəndaşı olan 70 fərqli xalqın təmsilçisi cəlb olunmuş, layihənin icrasına rəhbərlik isə həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədr müavini olan Heydər Əliyevə tapşırılmışdı. Heydər Əliyev həm də tikinti işləri zamanı ayrı-ayrı inşaat sahələrinə gedərək işlərlə yerində tanış olan və Siyasi Büroya təqdim edilməsi məqsədilə hesabat hazırlayan ilk rəhbər şəxs idi. Bütün bunlar göstərir ki, müstəqil Azərbaycan dövləti nə qədər ki, var ümummilli lider Heydər Əliyevin də adı yaşayacaq”.

Deputat diqqətə çatdırıb ki, Rusiya ilə aparılan danışıqlar Azərbaycanın qonşu dövlətlərlə hər cür münasibət qura bildiyini göstərir:

“Dövlət başçısının dünənki tədbirdə iştirakı və Rusiya prezidenti ilə görüşü onu göstərir ki, Azərbaycan bütün maneləri dəf edib. Azərbaycan qonşu Ermənistanla da sülh müqaviləsini imzalamağa hazırdır. Azərbaycan təkcə Cənubi Qafqaza yox, dünyanın ən inkişaf etmiş dövlətlərinə belə nümunədir. Dünənki görüş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin ən yüksək səviyyədə inkişafının əyani sübutudur. 

Eyni zamanda Azərbaycan dövləti bir daha bəyan edir ki, Türk dünyasının liderlərindən biri olmaqla yanaşı, Türk dövlətləri arasında münasibətlərin güclənməsi və inkişafı üçün əlindən gələni edir. Eyni zamanda müsəlman dünyası da Prezident İlham Əliyevi görkəmli və təcrübəli bir dövlət xadimi kimi qəbul edir. Qərb bir daha dərk etməlidir ki, Azərbaycanla təhdid dili ilə danışmaq olmaz. Qərb Azərbaycanla dəyirmi masa arxasında oturub bütün problemləri danışıqlar yolu ilə həll etməlidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top