Lənkəranda ər arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 17 apr 2024, 14:53
Lənkəranda 1986-cı il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ofeliyaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 1-də baş verib. 

Ərəstun həmin gün, saat 19 radələrində şəxsi münasibətlər zəmnində, yəni sonuncunun ona yemək verməməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən yumruq ilə sağ göz nahiyəsinə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, ailəlidir, 2 uşaq atasıdır: 

“Zərərçəkmiş Ofeliya ilə 2009-cu ildə ailə həyatı qurmuşam. Bazar ərazisində fəhləlik etməklə ailəmin dolanışığını təmin edirəm. Arvadım ilə aramızda onun evdə təmizlik işləri görməməsinə görə məişət zəmnində mübahisələrimiz baş verib. Sonuncu dəfə hadisə günü, saat 19 radələrində işdən evə gələrək arvadımdan yemək istədim. Lakin arvadım yeməyin hazır olmadığını dedi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Baş vermiş mübahisə zamanı arvadım nalayiq ifadələr işlətdi. Bundan əsəbiləşərək onun sağ göz nahiyəsinə yumruq zərbəsi endirdim. Arvadımı vurduqdan sonra evdən çıxaraq getdim”.

İş üzrə zərərçəkmiş Ofeliyanın sözlərinə görə, əri Ərəstun onunla tez-tez mübahisələr edib: 

“Sonuncu dəfə Ərəstun işdən evə gələrək yeməyi vermədiyim üçün mənimlə mübahisə yaratdı. Ərəstun mənə yeməyi gec verdiyim üçün nalayiq ifadələr işlətdi. Ərimə mənə söyüş söyməməsini dedim. Ərəstun əsəbiləşərək üzərimə gəldi,  göz nahiyəmə yumruq zərbəsi endirdi”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Ərəstunun barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top