ATV təkcə Baxşəliyevlərdən ibarətdir?

MEDİA 02 apr 2024, 13:31
Bir müddət əvvəl Prezident Administrasiyası bəzi telekanalların rəhbərləri ilə görüş keçirdi. Görüş zamanı tamaşaçıların əksər hissəsinin narazılığına səbəb olan verilişlər barədə xəbərdarlıq edildi. Xəbərdarlıqdan sonra bəzi kanalların rəhbərləri irad və tövsiyyələrdən nəticə çıxarıb verilişlərin yayım saatında dəyişiklik edib azaltdılar. Əlbəttə, bu xəbər sevinclə qarşılandı. Lakin bu tövsiyyəyə təkcə ATV kanalı əməl etmədi. Etdi, lakin dolayı yolla. 

Əvvəlcə Zaur Baxşəliyev dedi ki, “rəhbərlikdən xahiş etmişəm ki, efir vaxtımı azaltsın, ailəmlə çoxlu vaxt keçirmək istəyirəm”. Halbuki, belə xahiş etməmişdi. Ümumi tövsiyyə bundan ibarət idi ki, efir saatı azaldılsın. Bir azdan məlum oldu ki, Zaur Baxşəliyev efir saatını yenidən bərpa edib. Kəsilən hissəni həyat yoldaşına həvalə etdi, bununla da efir saatı yenidən bərpa olundu. Bununla da ümumi tövsiyyəyə təkcə ATV kanalı əməl etmədi.
Artıq bir həftədən çoxdur ki, sosial şəbəkələrdə Zaur Baxşəliyevin belə etməsi ilə bağlı statuslar paylaşılır ki, televiziya kanalları yenə öz bildiyini etdi. Yəni, heç bir tövsiyyə, yaxud qərar eyinlərinə də gəlmədi. 

Təbii ki, Baxşəliyev ailəsi bunu kanal rəhbərliyinin icazəsi olmadan edə bilməzdi. Deməli, ümumi irad həm də ATV rəhbərliyinə yönəldilməlidir ki, hansı əsasla heç bir tövsiyyə və qərara baxılmadan qərar qəbul olunur. Halbuki Prezident Administrasiyası nörmal şəkildə toplantı keçirib iradlarını bildirmişdi. Bunu tamaşaçıların şikayət məktublarına görə əsaslandırmışdı. O şikayət məktublarını yazanlar arasında ziyalıdan tutmuş sadə vətəndaşa qədər var. 

Rəsmi məktublardan əlavə xalqın nümayəndələri sosial şəbəkələrdə də bu barədə narazılığını ifadə edir. Administrasiyanın radikal qərarı onda olardı ki, adıçəkilən verilişlər tamamilə bağlansın. Lakin demokratik ab-havanı qorumaq məqdəsilə sadəcə irad bildirdi və efir saatı azaldıldı. Belə humanist qərarın üzərindən yenidən efir saatını həyat yoldaşına verməklə bərpa etmək, heç bir məntiqə sığmır. 

Əksər kanal rəhbərləri söyləyir ki, tamaşaçıların zövqünə uyğun verilişlər hazırlayırıq. Tamaşaçının da ağlı başında olan kəsimi bu verilişlərin nümayişini istəmir. Çünki nəticənin mənəviyyata nezə zərbə vurduğunu gözəl anlayır. Dərin düşüncəli adamlar nə Zaur Baxşəliyevə, nə digərlərinə paxıllıq edir. Başqa kanallara çevirər, heç onlara baxmaz ki, nə gözləri görsün, nə könülləri bulansın. Axı dözə bilmir ki, mənsub olduğu xalq efirdə bu şəkildə işıqlandırılır: əlaçan dilənçilik qismində, ailə xəyanətkarlığı, məişət özbaşınalığı timsalında.     

Böyük Britanlıyanın baş naziri Marqaret Tetçer hökumətin hesabatı zamanı nazirlərə çıxış üçün 5 dəqiqə vaxt ayırardı. Bunu belə əsaslandırardı ki, 5 dəqiqə ərzində bütün deyiləcəkləri yerləşdirmək mümkündür. Zaur Baxşəliyev verilişindəki məsələləri qərarda bildirilən vaxta da yerləşdirə bilər. Yəni, ara söhbətləri, lətifələr, mərsiyə mahnılarının uzadılması olmasa, yerləşdirmək olar. Kiçik plan hazırlanır ki, hansı məsələyə, hansı şikayətə neçə dəqiqə vaxt ayrılacaq, o üzrə də hərəkət edilir. Belə planlaşdırmanı televiziya işçiləri gözəl bilir. Əgər yenə də belə davam etsə, deməli alt qatda başqa məsələlər var. 

Doğrudanmı, ATV  kanalı Baxşəliyevlər ailəsindən ibarətdir? 

Əgər reklam müqaviləsinə görə belə edirlərsə, sifarişlçilərlə danışıb bunu başqa verilişlərə də yönləndirmək olar. Yaxud, həkim və ekspertlərdən efir vaxtına görə alınan pula görədirsə, azaldılmış verilişdə məbləğlər başqa cür tənzimlənər. Hər şeyi nizama salmaq mümkündür, yetər ki, verilən qərara hörmətlə yanaşılsın. Lakin hələ ki qərara hörmət bəslənilmir. 

Söhbət təkcə dövlət qurumunun verdiyi qərarın dolayı yolla pozulmasından getmir. Həm də cəmiyyət arasında dövlət qurumuna etimadsızlıq faktorunun formalaşdırılmasından gedir. Bu, çox təhlükəli tendensiyadır.


Azər Qismət
Teleaparıcı, yazıçı-publisist


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top