"Mən artıq Kəlbəcərin işğal tarixini unutmağa çalışıram" Tanınmış aparıcı

MEDİA 02 apr 2024, 12:34
Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal günüdür.
 
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunmuşdu.Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və girov götürülmüş, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası dağıdılmışdı. 
 
Bu gün isə Kəlbəcərin işğal gününü məğlub dövlət kimi qeyd etmirik. Bununla bağlı İctimai TV-nin aparıcısı Nigar Sabirqızı Moderator.az-a danışdı: 
 
"Kəlbəcərin işğal tarixi olduqca ağrılı xatirədir. Mən o zamanlar uşaq idim, amma Kəlbəcərin düşmən əlinə keçməsi xəbərinin evimizdədə necə kədərlə qarşılandığını xatırlayıram. Atam təbii olaraq ağlamışdı. O zaman bunun nə demək olduğunu tam mənası ilə anlamırdım, amma illər keçdikcə bu ağrını hiss etməyə başladım. Böyüdükcə Kəlbəcər xatirələrim daha çox gözümdə canlandı, xüsusilə Nadirxanlı kəndi üçün çox darıxırdım. Kəlbəcər mənim uşaqlığım deməkdir. Çünki hər il yay tətillərimi məhz orda keçirmişəm. Bizim evdə həmişə Kəlbəcərin geri qayıdacağına ümid olub. Atam bir şeirində yazırdı ki, 
 
Yaylaqları görmək üçün,
İstisudan içmək üçün,
Kəlbəcərə dönmək üçün,
Şad xəbəri hardan alım?

**

Şad xəbəri 2020-ci ildə aldıq, amma atam artıq yox idi. İnanıram ki, atamın ruhu azad Kəlbəcəri dolaşıb, həsrəti ilə dünyadan köçdüyü Kəlbəcərin nəfəsini duyub. Mən artıq işğal tarixini unutmağa çalışıram. Çünki Kəlbəcərimizə artıq günəş doğub, yenilənir, bizi gözləyir. Amma təbii ki, Kəlbəcər işğal olunarkən düşmən əlinə keçməmək üçün özünü qayadan atan qız-gəlinlərimizi heç vaxt unutmayacağıq. Düşmənin bizə yaşatdığı heç bir ağrı dinməyəcək. İstər 1-ci Qarabağ müharibəsi dövründə Kəlbəcərin müdafiəsi üçün, istər Vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı üçün canından keçən şəhidlərimiz həmişə qəlbimizdə yaşayacaq. Həmçinin qazilərimiz də. Biz onların sayəsində bu gün doğma yurdumuza qayıtmışıq. Atam kimi yurd həsrəti ilə dünyadan köçənlərə Allah rəhmət eləsin. Təəssüf ki, onlar torpaqlarımızın azadlığını görmədi. Biz isə həm də onların arzularını yaşayırıq. Bu gün Kəlbəcərlə bağlı hər xəbəri xüsusi diqqətlə oxuyuram, aparılan bərpa və yenidənqurma işlərinə sevinirəm. Bəlkə yeni Kəlbəcər mənim uşaqlıq xəyalımda qaldığı kimi olmayacaq, amma o dağlar, meşələr, qayalar, Tərtər çayı, sərin havası, bumbuz bulaqları, dolambac yolları yenə bizi gözləyir". (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top