“Əhalinin problemlərinin həllinə kömək edəcək” — Deputat “DOST TV”dən DANIŞDI

SOSİAL 29 mar 2024, 16:41
Xəbər verdiyimiz kimi aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olan “ DOST TV” internet televiziyası fəaliyyətə başlayacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, burada, əsasən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq. İzləyicilərə sosial yeniliklər, islahatlar, yeni layihələr, qanunvericilik və sosial hüquqlar, dövlət sosial xidmətləri barədə dolğun məlumatlar çatdırılacaq. Yeni TV izləyiciləri ilə birbaşa təmasda, canlı yayım rejimində çalışacaq. Profilinə uyğun informativ xarakterli verilişləri yayımlamaqla yanaşı, sosial şəbəkə istifadəçilərinin sosial məsələlərlə bağlı sualları da Nazirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılacaq. Digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda fəaliyyət göstərəcək “DOST TV” həmin qurumların, QHT nümayəndələrinin, ekspertlərin iştirakı ilə sosial mövzularda təhlil və diskussiyalara, müzakirələrə də daim açıq olacaq.

Milli Məclisin deputatı Tahir Rzayev Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu gün media resursları, sosial şəbəkələr nə qədər çox olsa da insanların müxtəlif sahələrdə maarifləndirilməsinə ehtiyac duyulur:

“”DOST TV” internet televiziyasının fəaliyyətə başlaması yaxşı nümunə ola bilər. Bu həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumatlılığın artmasına kömək edəcək. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzularında hələ də bir çox vətəndaşlar məlumatlı deyillər, qanunvericilikdən xəbərsizdirlər. Əhalinin bu məsələlərlə bağlı məlumatlandırılması təqdirəlayiqdir. Ümidvaram ki, televiziyanın fəaliyyəti uğurlu olacaq və vətəndaşların sadalan istiqamətlərdə problemlərinin aradan qaldırılmasına töhfə verəcək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top