“Mühafizə vasitələri ilə təmin olunmayan işçi işi görməkdən imtina etməlidir” — “Buna görə işdən çıxarılması qanunsuzdur”

SOSİAL 27 mar 2024, 17:57
Xəbər verdiyimiz kimi martın 26-da Sabunçu rayonu Nardaran kəndi ərazisində yerləşən qum karxanasında bədbəxt hadisə baş verib. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, 1978-ci il təvəllüdlü Ədalət Hüseynov yükqaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalaraq aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, bütün təyinatlı obyektlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır. 

Onun sözlərinə görə, tikinti, sənaye, karxana tipli müəssisələrdə insanların həyat və sağlamlığı üçün risk daha çoxdur:



“Burada aşma, dağılma, uçma, yanğın, zəhərlənmə, zədə alma kimi risklər daha çox olduğu üçün mütləq texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, əməyin mühafizəsi qaydalarına, sanitar normalara ciddi riayət etmək lazımdır. Kəsmə, doğrama, daşıma, təmir və görülən digər işlərin hər biri ayrıca əməliyyat sayılır və bu zaman bütün qaydalar gözlənilməlidir. 

Hər bir işçi işə başlamazdan öncə təlimatlandırılmalıdır, görülən işin spesifikasına uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələri ilə təchiz edilməlidir. İşçinin gözündə eynək, əynində uniforma, xüsusi ayaq geyimi, başında kaska olmalıdır. Bunlar bədənə hər hansı dəmir parçasının batmasının, işçinin üzərinə ağır yük düşərsə, zədələnməsini qarşısını alır. İşəgötürən bunları təmin etməlidir. Qanunvericilikdə də bu qaydalar təsbit olunub. İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, işçilərin həyat və sağlamlığını qorumaq üçün müəssisə lazımı tələblərə cavab verməlidir”. 

Ekspert qeyd edib ki, işçilərin də üzərinə məsuliyyət düşür:

“İşçilər diqqətli olmalıdırlar. Təhlükəsizlik qaydalarının pozulmamasına diqqət etməlidirlər. Qaydalara əməl etməyən işçini işəgötürənin inzibati qaydada tənbeh etmək səlahiyyəti var. Belə hallar təkrarlandıqda rəhbər işçini işdən azad edə də bilər. Əgər işçi fərdi mühafizə vasitələri ilə təmin olunmayıbsa, o, həmin işi görməkdən imtina edə bilər və buna görə işdən çıxarılması qanunsuzdur. Yəni qanunla hər iki tərəfin hüquq və vəzifələri var”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top