“Heydər Əliyevin MK Bürosunun qərarındakı imzası məni çox bəlalardan xilas etdi”

MÜSAHİBƏ 16 fev 2024, 14:13
Görkəmli tarixçi-alim, AMEA-nın müşaviri, Bakı Dövlət Universiteti Qədim dünya və Orta əsrlər tarixi kafedrasının müdiri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudov “Mədəniyyət” qəzetinin müxbiri Nurəddin Məmmədliyə geniş müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Yaqub müəllim, 85 illik yubileyinizi təbrik edirik. Ömrünüzün neçə ilini elm və təhsilə həsr etmisiniz?

– Təbrikinizə görə çox sağ olun. Məni yada saldığınız üçün qəzetinizə dərin minnətdarlığımı bildirirəm. Elm və təhsil həyatımın mayasını təşkil edir. Ömrümün 60 ildən çoxunu elm və təhsilə həsr etmişəm. İndi də bu sahədə fəaliyyət göstərirəm. 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri” mövzusunda namizədlik (fəlsəfə doktorluğu – red.) dissertasiyası müdafiə etdim. Yadımdadır, müdafiə 4 saata qədər çəkdi. Mənə yekdilliklə birbaşa tarix elmləri doktoru elmi dərəcəsinin verilməsi barədə qərar qəbul olundu. Bununla da həyatımın heç zaman məndən ayrılmayan ağır sınaqlar dövrü başlandı. O zaman mənim hələ 27 yaşım tamam olmamışdı. Elmlər doktoru elmi dərəcəsi verilən günün səhərisi sanki bütün dünya mənə qarşı çevrildi. Hətta məni dünən əzizləyən müəllimlərimin də əksəriyyəti məndən üz döndərdi. Dedilər ki, get, etiraz et, sən hələ bu ada layiq deyilsən. Məsələni rektorluq səviyyəsinə qaldırdılar. 6 aydan sonra, nəhayət, mənə birbaşa elmlər doktoru elmi dərəcəsi verilməsi barədə qərarın ləğv edilməsinə nail oldular. Əla qiymətlərlə qurtardığım universitetdə (BDU – red.) mənə iş də vermədilər. Çarəsiz qaldım.

– İnsanın həyatında müəyyən bir dönüm məqamları mütləq olur. Təbii ki, Sizin üçün də vəziyyət belə davam edə bilməzdi...

– Taleyim məni böyük şairimiz Rəsul Rza ilə görüşdürdü. Rəsul müəllim o zaman yenicə fəaliyyətə başlayan “Azərbaycan Ensiklopediyası”nın (Azərbaycan Sovet Ensiklopediyası (ASE) – red.) baş redaktoru idi. Bu gün də çox qürurluyam ki, Rəsul Rza kimi böyük şəxsiyyətlə görüşmək və on ilədək onunla çiyin-çiyinə “özümüzdən olan” dönüklərlə barışmaz ideya mübarizəsi aparmaq mənə qismət oldu. Moskvanın və İrəvanın göstərişi ilə özlərinə dolanışıq quran bəzi “alimlərimizin” xidmətləri sayəsində “yaşıl ensiklopediyamız” (ASE-nin I cildi, 1970 – red.) işıq üzü görmədi.

Ensiklopediyadan sonra Pedaqoji İnstitutda fəaliyyətə başladım. Bütün bu müddət ərzində tələbəlik illərində dekanım olmuş və həmişə mənə arxa durmuş sevimli müəllimim professor Məlik Orucov dəfələrlə mənim arxamca instituta gəldi ki, yenidən universitetə qayıdım. Nəhayət, BDU-ya qayıtdım. 1981-ci ildən BDU-da çalışıram və Tarix fakültəsində 14 il dekan olmuşam.

2004-cü ildən AMEA-da işə başladım. Tarix İnstitutunda 17 il direktor vəzifəsində çalışmışam. Son 20 ildə Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”, ilk “Azərbaycan tarixi atlası”, Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla tədqiqatlar, sənədli filmlər işıq üzü gördü və bu tədqiqatlar müxtəlif dillərə tərcümə edilərək dünyanın aparıcı ölkələrində yayıldı. Bu elmi problemlər ətrafında yazılan silsilə əsərlərə görə Prezidentimizin müvafiq sərəncamı ilə 13 nəfər tarixçi-alim Dövlət mükafatına layiq görüldü.

– Ulu öndər Heydər Əliyev həmişə Sizin elmi fəaliyyətinizi yüksək qiymətləndirib.

– Ulu öndərimizi tələbəlik illərimdən tanıyırdım. Mən I kursda oxuyanda o, Tarix fakültəsində təhsilini başa vururdu. Onun Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyət göstərdiyi dövrdə sovet rejiminə qarşı yazılı intibahnamə ilə çıxış etmiş bir tarixçi tələbəni çox çətin vəziyyətdə necə xilas etməsinin canlı şahidiyəm. Bu böyük şəxsiyyət haqqında xatirələrimi ona həsr etdiyim əsərlərimdə vermişəm. O, həmişə dar ayaqda mənim dadıma çatıb.

1999-cu ildə 60 yaşım tamam olurdu. Haqqımda səlahiyyətli struktura müraciət olunmuşdu. Lakin müraciət cavabsız qalmışdı. Doğum günümdən 3 gün sonra zəng gəldi ki, axşam saat 8-də Azərbaycan Televiziyasının “Xəbərlər” buraxılışına bax. Televizoru açdım, gördüm ki, Prezident Heydər Əliyevin fərmanı oxunur: “Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Yaqub Mikayıl oğlu Mahmudov “Şöhrət” ordeni ilə təltif edilsin”. Bir daha əmin oldum ki, Heydər Əliyev heç zaman Vətən, xalq üçün çəkilən əməyi qarşılıqsız qoymur. Təltif mərasimində çıxış elədim. Məni sınmağa qoymadığına, təzyiqlərə rəğmən qoruduğuna görə təxminən 18 səhifəlik “Vətəndaş etirafı” yazıb göndərdim.

Mən orta məktəblərin 5-ci sinif şagirdləri üçün “Ata yurdu” adlı dərslik yazmışam. Bu kitabın üzərində bütöv Azərbaycanın xəritəsini vermişəm. Bununla bağlı respublikamıza etirazlar bildirildi, notalar verildi. Amma Heydər Əliyev bütün bunlara rəğmən məni müdafiə elədi. 2002-ci ildə Şəkidə çıxışı zamanı məni təqib edən çox təsirli qüvvələrə cavab olaraq bu sözləri dedi: “Şəki böyük alimlər də yetiribdir. Onlardan biri böyük tarixçi, professor Yaqub Mahmudov – o, indi buradadır”. O zaman Ulu öndərin bu qiyməti mənim üçün son dərəcə böyük əhəmiyyətə malik idi. Çünki İran dəfələrlə nota verirdi, Təhsil Nazirliyinə etirazlar gəlirdi, hətta kitabı gətirib Prezidentin stolunun üstünə qoyurdular. Heydər Əliyev isə tariximizi dərindən bildiyi üçün bütün bunlara əhəmiyyət vermədi, məni müdafiə elədi.

– Uzun illər – sovet dövründə tariximiz obyektiv öyrənilməyib, daha çox saxtalaşdırılıb. Elmi-tədqiqata başladığınız ilk vaxtlarda bunu nə dərəcədə hiss edirdiniz?

– Sualınıza cavab mənim həyatımla bağlıdır. Xalq arasında “Qaçaq Qara Mikayıl” kimi tanınan atam Mikayıl Mahmud oğlu 1918-ci ildə Şəkinin Səbətli kəndində möhkəmlənmiş daşnak yuvasının darmadağın olunmasında fəal iştirak edib. 1930-cu ildə baş vermiş Göynük üsyanının başçılarından biri olub. NKVD (sonralar KQB adlanan qurum da o vaxt onun tərkibində idi) tərəfindən təqib olunan atam bütün ailəmizlə birlikdə doğma Baş Göynük kəndini tərk etdi. Qax, Zaqatala, Balakən rayonlarının Qanıxboyu kəndlərində təqiblərdən qorunduq. Tələbəlik illəri məni tariximizin həqiqət dünyasına daha yaxından qovuşdurdu. Görkəmli tarixçimiz, professor Ədhəm Şahmalıyevin rəhbərliyi ilə Ağqoyunlu dövlətinin tarixinə dair yazdığım dissertasiya işi və bundan sonra davamlı olaraq qarşıma çıxarılan maneələr tamamilə gözümü açdı. Apardığım ilk tədqiqat işləri nəticəsində tam əmin oldum ki, çar Rusiyasının amansız müstəmləkə siyasəti sovet-bolşevik rejimi dövründə daha qəddarcasına davam etdirilib. Əlifbamız dəfələrlə dəyişdirilib. Xalqımıza qarşı soyqırımları həyata keçirilib. Ziyalılarımız repressiya olunub və soydaşlarımız Qərbi Azərbaycandan – öz ata-baba yurdlarından sürgün edilib. Bundan başqa, mərkəzin – metropoliyanın göstərişi ilə Azərbaycanın saxtalaşdırılmış müstəmləkə tarixi “yaradıldı” və bu tarixi Sankt-Peterburq və Moskvada yuva salmış erməni alimləri yazdılar. Həmin dövrdə beynəlxalq müqavilələr və xəritələr saxtalaşdırılaraq yazılırdı ki, guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi biz deyilik, çarizmin buraya köçürtdüyü ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Biz ensiklopediyaçılar ötən əsrin 60–70-ci illərində bu saxtakarlıqlara qarşı mübarizə apararaq sərhədlərimiz, tarixi torpaqlarımız, xəritələrimizlə bağlı məsələlər qaldırdıq. O zaman Azərbaycanın öz xəritə fabriki yox idi. SSRİ-nin xəritə fabriklərinin, demək olar ki, əksəriyyəti ermənilərin inhisarında idi. Mən ASE-nin baş redaktoru Rəsul Rzanın yaxından köməyi ilə Azərbaycanın ilk tarix xəritələrini Kiyev Xəritə Fabrikində nəşr etdirdim. Xəritələrin nəşrindən sonra – 1972-ci ildə ASE tərəfindən “Azərbaycan SSR xəritələri” atlası çap olundu. Belə bir atlasın işıq üzü görməsi və həmin atlasa ilk dəfə Azərbaycan tarixi xəritələrinin daxil edilməsi elmimizin çox mühüm uğuru idi.

– Ensiklopedik nəşrlərin hazırlanması sahəsində təcrübəniz olub. Müstəqillik dövründə də “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”nın yaradılmasına rəhbərlik Sizə həvalə edildi.

– “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”nın yaradılması təşəbbüsü Heydər Əliyevə məxsusdur. Ulu öndər müalicə üçün sonuncu səfərə çıxarkən Xalq Cümhuriyyəti haqqında bircildlik ensiklopedik lüğət hazırlamaq barədə tapşırıq vermiş və bu işin mənə həvalə olunmasını məsləhət görmüşdü. Tarix fakültəsinin dekanı olaraq AMEA-nın Tarix İnstitutunun mütəxəssislərini cəlb edib ikicildlik Cümhuriyyət ensiklopediyasını hazırladıq. Çox şadam ki, işi başa çatdırdıq və ensiklopediya Prezident İlham Əliyevin göstərişi ilə çap olundu. Ensiklopediyanın sonuncu nəşri 2014-cü ildə oldu. İlham Əliyev onun bütün mətnləri ilə tanış oldu və bununla Xalq Cümhuriyyətinin tarixinə möhtəşəm abidə qoyuldu.

– Bəs sovet dövründə Cümhuriyyət tarixinin öyrənilməsi ilə bağlı hansısa addımlar atmışdınızmı?

– Dediyim kimi, 1966–1975-ci illərdə “Azərbaycan Sovet Ensiklopediyası”nda işləmişəm. Baş redaktor Rəsul Rza 1918-ci ilin mart soyqırımını, Xalq Cümhuriyyətinin mütərəqqi tarixi rolunu bütün incəliklərinə qədər bilirdi. Cümhuriyyət xadimlərinə dərin ehtiram bəsləyirdi. XI Qırmızı Ordunun vəhşilikləri barədə, xüsusilə 1920-ci ilin mayında Gəncə üsyançılarına tutulan divan haqqında mənə elə söhbətlər etmişdi ki, indi də həmin söhbətlər yadıma düşəndə canım gizildəyir. O zaman hətta arxivdən Stepan Şaumyanın Androniki Bakıya çağıran teleqramını da tapıb gətirtmişdik.

Biz o zaman özümüzdə cəsarət taparaq Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri “yaşıl ensiklopediya”ya daxil etmişdik. Amma anti-Azərbaycan qüvvələri, o cümlədən daşnak cəlladı Şaumyanın oğlu – “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun müavini Levon Şaumyan və daxilimizdən onlara donos ötürənlər “yaşıl ensiklopediya”nın işıq üzü görməsinin qarşısını aldılar. Həmin illərdə anti-Azərbaycan qüvvələri ensiklopediyaçılara “pantürkist”, “panislamist”, “millətçi”, “Sovet hakimiyyətinin və Rusiyanın düşmənləri” damğasını vurmağa çalışdı, lakin məqsədlərinə çata bilmədilər. Məhz Heydər Əliyevin sayəsində həm ensiklopediyaçılar, həm də ziyalıların böyük bir qrupu, o cümlədən də mən, nəinki KQB-nin təqiblərinə düçar olmadıq, hətta o dövr üçün dəhşətli bir cəza sayılan partiya cəzasından da yaxa qurtara bildik. Belə bir ağır vaxtda – 1971-ci ilin martında mən ensiklopediyanın elmi işlər üzrə baş redaktor müavini vəzifəsinə təsdiq olundum. Bu barədə Mərkəzi Komitə Bürosunun qərarının altında Heydər Əliyevin imzasının olması məni çox bəlalardan xilas etdi.

– Yaqub müəllim, tarixlə mədəniyyət hər zaman paralel öyrənilir. Araşdırdığınız dövrlərin mədəniyyətimizlə bağlı mənzərəsi necə görünür?

– Hər bir millətin, hər bir dövlətin mənəvi dəyərlərinin əsas meyarlarından biri onun mədəni inkişaf göstəriciləridir. Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, o cümlədən memarlıq, dekorativ-tətbiqi sənət, xalçaçılıq, musiqi, miniatür incilərindən ibarət milli incəsənət şedevrlərimiz dünya mədəniyyəti xəzinəsində layiqli yer tutur.

Mən uzun illər ərzində mədəni irsimizi də araşdırmışam. Qürurluyam ki, “Azərbaycan tarixi: Erkən intibah dövrü (IX əsrin II yarısı – XIII əsrin əvvəlləri)” əsərinin müəllifiyəm. Rəhbərliyimlə yazılmış və həmmüəllifi olduğum “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqatlarda tarixi proseslərlə yanaşı, qədim mədəniyyətimizin işıqlandırılmasına da lazımınca diqqət yetirilib.

– Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsini yaşadıq. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bir tarixçi-alim, ictimai xadim kimi bu prosesləri necə qiymətləndirirsiniz?

– 44 günlük Vətən müharibəsindəki böyük tarixi Qələbəmiz nəticəsində Cənubi Qafqazın tarixi inkişafı kökündən dəyişdi. Bütün regionun beynəlxalq münasibətlər tarixində yeni reallıqlar yarandı. İlk növbədə, “böyük Ermənistan” xülyası və erməni hərbi mifi darmadağın edildi. Ən əsası isə, biz erməni işğalçılarını torpaqlarımızdan qovub çıxararaq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bunun ardınca Xankəndi şəhərində bayrağımız ucaldıldı və dünya erməniliyinin “Artsax” layihəsi tarixin tullantısına çevrildi. Bütün bunlar Azərbaycanın son 200 illik tarixində ilk dəfə reallaşdı. Bunu böyük güc mərkəzlərinə qarşı siyasi-diplomatik mübarizədə və döyüş cəbhəsində öz xalqına və şanlı Ordumuza başçılıq edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdi və adını tariximizə qalib sərkərdə kimi yazdı.

– Regionda yeni reallıq yarandığını qeyd etdiniz. Bu reallığı Qərbi Azərbaycan məsələsinə münasibətdə necə səciyyələndirirsiniz?

– Qərbi Azərbaycan məsələsi erməni qəsbkarlarına qarşı mübarizədə Azərbaycan Prezidentinin dünya şahmat taxtası üzərində şah gedişidir. Son vaxtlar Qərbi Zəngəzurdan əlavə, Vedibasardan, Zəngibasardan, İrəvandan, Dərələyəzdən, Göyçədən qovulmuş azərbaycanlıların da öz doğma torpaqlarına qayıtması məsələsi prinsipial şəkildə qaldırılır və bunun üzərində ciddi iş gedir. Prezidentimiz Qərbi Azərbaycanda boş qalmış, xarabazara çevrilmiş yurd yerlərimizə qayıdışın təmin edilməsi ilə bağlı məsələləri tarixi vəzifə kimi qarşıya qoyub. Qərbi Azərbaycan İcması təmsilçiləri ilə görüşdə bu məsələ tarixi-strateji vəzifə kimi qətiləşdirildi.

Prezidentimiz konkret tarixi faktlar əsasında bütün dünyaya bəyan edir ki, erməni vandalizmi nəticəsində Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimiz yerlə yeksan edilib. Soydaşlarımızın tarixi mirası sonadək məhv edilmək üzrədir. Lakin bütün bunlar əbəsdir, ilk mənbələr, o cümlədən arxiv sənədləri, xəritələr düşmənin əleyhinə işləyir. Bütün əski xəritələrdə həmin regionda Azərbaycanın tarixi izini tamamilə aydın görmək mümkündür. Dövlətimizin başçısı da “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”, – deyə bildirib. Qalib Ali Baş Komandanın bu məntiqi və qətiyyəti bizim tezliklə o torpaqlara da qayıdacağımızı labüd edir.

– Qarşıda hansı tədqiqat planlarınız var?

– Planlarım çoxdur. Lakin böyük tarixi şəxsiyyətlərimiz Nadir şah Əfşar, Ağaməhəmməd şah Qacar və Nəriman Nərimanovla bağlı indiyədək doğru-düzgün qiymətləndirilməmiş məsələlərə bir sıra tədqiqatlar həsr etmək niyyətindəyəm. Doğrusu, məni ümumdünya tarixinin dahi sərkərdəsi Nadir şah Əfşarın xalqımız qarşısındakı böyük tarixi xidmətləri daha çox düşündürür...

–  Maraqlı müsahibəyə görə təşəkkür edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top