“Biznes mühitinin dəstəklənməsi təşəbbüsləri müsbət qarşılanır” — Orxan Məmmədov

BİZNES 16 noy 2023, 13:39
“Azərbaycanda biznes mühitinin dəstəklənməsi istiqamətində təşəbbüsləri ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlər müsbət qarşılayır”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

“Təsadüfi deyil ki, ötən il Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Azərbaycanda biznes mühiti – 2021” hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara münasibətinin və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA ilk beşlikdə yer alıb”, – deyə O.Məmmədov əlavə edib.

O, qeyd edib ki, rəhbərlik etdiyi qurum tərəfdaş ölkələrin müvafiq qurumları və təşkilatları ilə uğurla əməkdaşlıq edir:

“Burada əsasən iki hədəfimiz var: institusional əməkdaşlığın genişləndirilməsi, yerli sahibkarlıq subyektləri ilə xarici potensial tərəfdaşlar arasında birbaşa əlaqə qurulmasına dəstək verilməsi. Aidiyyəti qurumlarla imzalanmış memorandumlarımızda qarşılıqlı maraq kəsb edən təşəbbüslərin həyata keçirilməsi, biznes missiyaların təşkili və qabaqcıl təcrübələrin mübadiləsi kimi məsələlər yer alıb. Eyni zamanda, bir neçə sahəvi beynəlxalq təşkilata üzvlüyümüz biz üçün geniş tərəfdaşlar şəbəkəsinə çıxışı asanlaşdırır. Bu da öz növbəsində iş adamlarımız üçün geniş imkanlar yaratmaqdadır. ICSB belə təşkilatlar sırasında öndə gedir və qarşıdakı dövrdə sözügedən platforma çərçivəsində əməkdaşlıq əlaqələrimizin genişləndirilməsini hədəfləyirik. ICSB platformasının çox funksional xarakteri, üzv şəbəkəsinin genişliyi və təqdim etdiyi xidmətlərin çeşidi hər bir qurum və təşkilatın faydalanması üçün imkanlar yaradır. Şübhəsiz ki, platformanın ən əhəmiyyətli imkanlarından biri şəbəkələşmə, təcrübə mübadiləsinin aparılması və həmkarların yeniliklər barədə bir-birindən öyrənmək fürsətidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top