Uzaq Afrikada dilimizi öyrənənlər — Maraq artmaqdadır

DİASPOR 19 iyl 2023, 11:41
Bu gün Azərbaycan dili dünyada 50 milyondan çox soydaşımızın ana dilidir. 

Türk dilləri ailəsi içində saf türkçəyə ən yaxın olan bu dilə maraq bu gün yaxın ölkələri aşaraq, uzaq diyarlarda da duyulmaqdadır. Azərbaycan dilinin öyrənildiyi və təbliğ edildiyi ölkələrdən biri də Misirdir. 

Misirdə Azərbaycan dilinə marağın artdığını deyən Qahirədəki diaspor sədri Seymur Nəsirovun fikrincə bu gün dünyada ölkəmizi təbliğ etməyin əsas yollarından biri ana dilimizin tədrisidir. 

Tədqiqatçı alim Demokrat.az-a açıqlamasında bildirib ki, Qahirədə Misir-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyətə başlayandan sonra bu dili öyrənənlərin sayı artıb:



"Cəmiyyətin nəzdində fəaliyyət göstərən kurslara Azərbaycan dilini öyrənməkçün daha 92 nəfər müraciət edib. Misirli gənclər dilimizə,  ədəbiyyatımıza maraq göstərir".  

S.Nəsirov qeyd edib ki, Azərbaycanla Misir arasında əlaqələr inkişaf edir:

"Misirin tarixi mənbələrində azərbaycanlıların ərəb və islam mədəniyyəti, ədəbiyyatının inkişafına töhfələrindən bəhs edilir. Azərbaycanın və alimlərimizin adları qədim mənbələrdə çəkilir".

Diaspor sədri əlavə edib ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dililə yanaşı, müxtəlif fənlər üzrə 55 ölkədən 500 dən çox gənc ödənişsiz təhsil alır:

"İlboyu Azərbaycan dili dərslərinə müraciətlər çox olur. Siniflər dolub artıq, bəzi tələbələr gözləmə siyahısındadır. Həftədə beş gün Azərbaycan dili tədris olunur. Danışıq klubumuz da var. Gələcəkdə birbaşa Azərbaycanla əlaqəli şəkildə danışıq klublarının təşkilini də nəzərdə tuturuq. Azərbaycanda ərəb dilini, Misirdə isə Azərbaycan dilini öyrənən gənclər arasında qarşılıqlı əlaqə formatında bunu həyata keçirməyi düşünürük".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top