Qəşəm Nəcəfzadə: “Şuşada olmağın özü nəyə desən dəyər...”

ƏDƏBİYYAT 17 iyl 2023, 18:08
“Bayram bayrama, şeir musiqiyə qarışmışdı.  Gözəl Şuşada olmaq özü nəyə desən dəyər. Təəssüratlarım sonsuzdur”.

Bu sözləri Şuşada keçirilən Vaqif poeziya günlərilə bağlı Demokrat.az-a təəssüratlarını bölüşən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi şair, publisist Qəşəm Nəcəfzadə deyib. 

Ölkədə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsini yüksək qiymətləndirən şair qeyd edib ki, Vətən müharibəsindən sonra artıq 3-cü dəfədir baş tutan Vaqif poeziya günləri yüksək təşkilatçılıq standartları ilə yadda qalır:

“Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafında, dəyərlərimizin yaşadılmasında, tarixi və mənəvi irsimizin qorunmasında rolu böyükdür. Həmişəki kimi bu dəfə də yüksək təşkilatçılığa şahid olduq”.  

Qəşəm Nəcəfzadə poeziya gecələrində tanınmış qələm sahiblərilə yanaşı gənc şairlərin də  iştirak etdiyini qeyd edib. 

O bildirib ki, gənc şairlərə belə bir tədbirdə yer verilməsi ədəbiyyatımızın, şair yaradıcılığının inkişafına böyük töhfədir. 

Tədbirdən mənəvi zövq aldığını deyən şair sözlərinə belə davam edib: 

“Cıdır düzündə olduq, dağlar qoynunda yerləşən Şuşanın füsunkar mənzərəsini seyr etdik. Vaqif poeziya günləri Şuşada 1982-ci ildən keçirilir. 30 ilə yaxın müddətdə biz bu günlərə həsrət qaldıq. Vətən müharibəsində ordumuzun, xalqımızın qalibiyyəti bizi yenidən mədəniyyətimizin paytaxtına qaytardı. Yüksək mənəvi dəyərlərimizi, ədəbiyyatımızı təbliğ edən belə tədbirləri yenidən keçiririk, orada iştirakdan böyük zövq alırıq. İnsana ruh yüksəkliyi verir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top