Bakı-Şuşa avtobusu yolların buz bağlamasına görə yubandı, sərnişinlər Şuşada gecələdilər

SOSİAL 06 fev 2022, 22:09

Kəskin hava şəraiti ilə əlaqədar Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun hərəkət qrafikində yubanma qeydə alınıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, vəziyyət dərhal nəzarətə götürülüb. Güclü qar və yolların buz bağlamasına baxmayaraq, aidiyyəti dövlət qurumlarının operativ və koordinasiyalı fəaliyyəti, həmçinin sürücünün peşəkarlığı sayəsində sərnişinlər Şuşa şəhərinə çatdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xüsusi texnika cəlb edərək yolları qardan və buzdan təmizləyib. Yolboyu avtobus Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən müşaiyət edilib.

Hərəkət qrafikində gecikmə baş verdiyindən sərnişinlərin təhlükəsizliyinin təmin etmək məqsədilə geri dönüş təxirə salınıb. Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sərnişinlər xüsusi qayğı ilə əhatə olunub.

Sərnişinlərin Şuşada qalmasına və daha sonra təhlükəsiz geri dönməsinə şərait yaradılıb. Belə ki, onlar hosteldə yerləşdirilib və isti qida ilə təmin ediliblər. Bu gün səhər saatlarında sərnişinlər planda nəzərdə tutulan yerləri ziyarət etdikdən sonra Bakıya yola düşüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top