Sumqayıtda 7 yaşlı uşağın ölümündə təqsirli bilinən idmançının cəzası nə olacaq? — ŞİKAYƏT

KRİMİNAL 03 may 2024, 11:46
Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İlkin məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinin araşdırılması üçün iş məhkəmə baxışına təyin olunub.

Məhkəmənin baxış iclası mayın 16-a təyin olunub.

İttihama görə, ötən ilin aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən təlim zamanı tələbəsi Fərid Bakarova çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan mərhum edilib. 

Bu hökmlə Mehman Xəlilov özünü təqsirli bilməyib. O bildirib ki, hadisəni qəsdən törətməyib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Mehman Xəlilov son sözündə azyaşlını bilərəkdən öldürmədiyini deyib:

“Mənim o uşağa qarşı nə qərəzim ola bilərdi? Mən onu bilərəkdən öldürməmişəm. Fərid mənim ən sevdiyim tələbəm olub. Onun üçün canımı da verərdim. Kim kameralar altında adam öldürər? Bu hadisə istəmədən başıma gəlib. Bədbəxt hadisədir. Mənim üçün şeytan, o uşaq üçün əcəl gəldi. Məlum video sosial şəbəkələrdə yayıldı deyə belə oldu”.

Mehman Xəlilovun vəkili tərəfindən verilən apelyasiya şikayətində onun cəzasının yüngülləşdirilməsi istənilib. 

Şikayətdə Mehman Xəlilovun əməli Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinməsi və həmin maddənin sanksiya həddindəndə aşağı həddə cəza alması istənilib.

Həmçinin Mehman Xəlilovun peşəkar idmançı olması, onun ölkə daxili və beynəlxalq yarışlarda uğurlar qazanması, medallar almasının nəzərə alınması istənilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top